VATANBAKU
  Sheir
 


 


Bu gözəl şeirləri sizin üçün topladım.Dinləyin əminəm oxşunuza gələcək.Buyurun dinləyin

 

 


 



Məhəmməd Hüseyn Şəhriyar

Azərbaycan

 

Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan

Xoş günlərın getməz müdam xəyalımdan Azərbaycan


Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram

Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan


Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə

Abad olub, azad olub, mülkü-İran, Azerbaycan


Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad

Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan


Vətən eşqı məktəbində can verməyi öyrənmişik

ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan


Qurtarmaqçün zalımların əlindən Rəy şümşadını


öz şümşadın başdan-başa olub al qan, Azərbaycan


Yarəb, nədir bir bu qədər ürəklərı qan etməyın

Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan


İgidlərin İran üçün şəhid olmuş, əvəzində

Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan


Evladların nə vaxtadək tərki-vətən olacaqdır

Əl-ələ ver, üsyan eylə, oyan oyan Azərbaycan


Yetər fəraq odlarından kül ələndi başımıza

Dur ayağa, Ya azad ol, ya tamam yan, Azərbaycan


Şəhriyarın ürəyi də səninki tək yaralıdır

Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbayca

 


 




Xəlil Rza Ulutürk

Zindandakı cismimdi tək,
Canım orda,ruhum orda.
Qaf dağının zirvəsində-
Ucalardan ucalarda!
Görün harda havalanır
Dağ qartalı görün harda.
Hər sətrimi üfüqlərə
Qanadıyla yaza-yaza.
Xəbər verin yaxınlaşan
İlk bahara,güllü yaza:
-Şimal qütbü üşüyürsə
Qoy sığınsın bağrımıza.
Od içində səməndərdi
AZƏRBAYCAN - XƏLİL RZA!
 
Xəlil Rza atılsa da
Bucağına zindanların,
Azərbaycan sığa bilməz
Qucağına zindanların.
Aman dostlar siz gəlməyin
Ayağına zindanların.
Lə”nət deyin qan-qırmızı
Bayrağına zindanların!
Qarı düşmən soxlmasın
Poladlaşan sıramıza.
Biri dağdır,biri qaya:
AZƏRBAYCAN – XƏLİL RZA.
 
Haray sellır,şəlalələr
Dağ sinəmdən gəlin,keçin!
Tükənməzəm,tükənsəniz
Ürəyimdən badə için.
Gülüstanam,ətrafımdan
Tikanları qırın,biçin
Ağciyərlər aləmində
Yalqız qalan mərdi seçin!
Durulmuşam,sal qayadan
Damla-damla,sıza-sıza
Biri dəniz,biri bulaq:
AZƏRBAYCAN – XƏLİL RZA.
 
Kordu gözü.Qoy təpəgöz
Güvənməsin gövdəsinə,
Baş əymədik gülləsinə,
Qandalına,kündəsinə
Dinlə,nitqi nəyə bənzər
Top səsinə,tank səsinə.
El tüpürsün Avropada
O kabusun kölgəsinə.
Asiya da,Afrika da
Bu lənətə atır imza,
Bu döyüşün bayrağıdır
AZƏRBAYCAN – XƏLİL RZA
 
Qan-qan! Deyən qatilləri
Bir gün gələr qandıraram
Canilərə cəhənnəməm,
Atəşimdə yandıraram.
Haçan,harda,hansı seldən
Hansı oddan yan duraram?
Əbədiyəm,məbədiyəm.
Cahan varsa mən də varam.
Kainat bir gülüstandır,
Uzaq olsun bizdən qəza.
Dəymə bülbül yuvasıdır
AZƏRBAYCAN – XƏLİL RZA!


 


 



Məmməd Araz

Ayağa dur Azərbaycan !!!

 

Nə yatmısan qoca vulkan, səninləyəm !
Ayağa dur. Azərbaycan, səninləyəm !
Səndən qeyri,
biz hər şeyi bölə billik.
Səndən qeyri,
Biz hamımız ölə billik.
Bu Şəhriyar harayıdır,
Bu Bəxtiyar harayıdır.
Ayağa dur Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir:
- Nər oğlu nər səninləyəm!
Səninləyəm silah tutan,
kulung tutan , yaba tutan,
Kösöy tutan nişanlı ər səninləyəm!
Səninləyəm qız atası,
Hanı nərən , hanı səsin?
Hani andın?
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın?
Gözünü sil vətən oğlu,
Ayağa qalx!
Üfüqünə bir yaxşı bax,
Sərhədinə bir yaxşı bax,
Sərhədinin kəməndinə bir yaxşı bax!
Dur içindən qorxunu boğ,
Ölümünlə qalımını ayırd elə.
Dur içindən dovşanı qov,
Dur özünü Boz Qurd elə!
Varım - yoxum səninləyəm,
Azım - çoxum səninləyəm,
Şirin yuxum səninləyəm
Yıxın məni söz atından, -
Atın məni tank altına,
Əzin məni xıncım - xıncım,
Kəsmir əgər söz qılıncım.
Didin məni didim - didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni xilas edim.
Səninləyəm,
Sözü qəmli, özü dəmli
rəhbər adam!
1918 -də vuruşurdu
danışmirdı rəncbər atan,
rəncbər atam!
Oyat bizi ey yaradan səninləyəm !
Ya birmərrə yatırt bizi,
Ya birmərrə oyat bizi.
Ya yenidən yarat bizi!
Ey yaradan, səninləyəm!
Səninləyəm yatmış vulkan.
Səninləyəm!
Ayağa dur Azərbaycan,
Səninləyəm!

 


 

 

 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol