QARABAG
Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 30 minə yaxın insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur.Bir milyondan artıq insan 20 ilə yazındır ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir.
İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış,4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb məntəqəsi məhv edilmişdir. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.
Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşunaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinyət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı tarix muzeyi, Ağdamdakı çörək muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinin də taleyi belə olmuşdur. Bir sözlə, Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəti haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.
Qarabağın tarixi
Qarabağ nəinki Azərbaycanın, hətta bütün dünyanın ən qədim torpaqlarından biridir. Bu ərazidə ən qədim dövrlərə aid yerlər aşkar olunmuşdur. 1968-ci ildə Azıx mağarasında Azıxantrop adlı primitiv Azıx adamının çənə sümüyü tapılmışdır. Çox guman ki, Azıx adamları burada 250-300 min il bundan əvvəl yaşamışlar. Bütün tarix boyu Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olmuşdur. Ərəb xilafətinin işğalı və Alban dövlətinin süqutu ilə VII-IX əsrlərdə Qarabağın tarixində əhəmiyyətli dəyişikliklər baş verdi. Ərəb işğalının nəticəsində Albaniyanın xristian əhalisinin əksəriyyəti İslamı qəbul etdi, qalanları, xüsusilə Albaniyanın Qarabağ yüksəkliklərində yaşayan əhali isə IV əsrdə Albaniyanın dövlət dini elan olunmuş xristianlıqdan imtina etmədi. XIX əsrin əvvəllərində Şimali Azərbaycan ərazilərinin Rusiya tərəfindən işğalından sonra Eçmiədzinin təzyiqi və israrlı müraciətləri nəticəsində Rus çarının Alban Katalikosunun ləğvi barədə qərarı Qarabağ yüksəkliklərinin Alban əhalisinin gürcüləşdirmə və erməniləşdirmə prosesinin başlanğıcını qoydu. Qarabağ Sacilər, Salarilər, Şəddadilər, Atabəylər, Hülakilər (Elxanilər), Qaraqoyunlu, Ağqoyunlu kimi ərəblərin işğalından sonra Azərbaycanda biri birini əvəz etmiş müxtəlif müsəlman dövlətlərinin tərkibində olmuşdur.Azərbaycan Səfəvilər Dövlətinin (1501) yaranması bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinin əsasını qoydu. Səfəvilər tərəfindən yaradılmış dörd əyalətdən birinin adı Qarabağ və ya Gəncə idi. Səfəvilər Dövlətinin mövcudluğuna son qoymuş Nadir şahın ölümündən sonra Azərbaycanda yeni müstəqil və yarı-müstəqil dövlətlər, xanlıqlar və sultanlıqlar yarandı. Onlardan biri Qarabağ xanlığı idi. Qarabağ xanlığı Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli Bəy Cavanşir tərəfindən yaradılmışdır. Onun oğlu İbrahim xanın dövründə Qarabağ xanlığı daha da gücləndi. 1805-ci ildə İbrahim xan Rusiya silahlı qüvvələrinin komandiri P.D.Sisianov ilə Kürəkçayda müqavilə imzaladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya birləşdirildi. Kürəkçay müqaviləsi Qarabağın, onun dağlıq bölgəsi də daxil olmaqla, tarixi Azərbaycan torpağı olduğunu sübut edən ən mühüm sənədlərdən biridir. Şimali Azərbaycanın işğalından sonra bu torpaqlarda mövqeyini möhkəmləndirmək məqsədi ilə çarizm erməniləşdirmə siyasətini tətbiq etməyə başladı. 1828-ci il Türkmənçay müqaviləsi və 1829-cu il Ədirnə müqaviləsinə əsasən İran və Türkiyədən köçürülmüş ermənilər Qarabağ da daxil olmaqla Şimali Azərbaycanda məskunlaşdırıldılar.1918-ci il mayın 28-də, təxminən 100 illik Rusiya müstəmləkəsindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ üzərində də siyasi hakimiyyəti saxladı. Eyni zamanda, yeni yaranmış Ermənistan (Ararat) respublikası da Qarabağa qarşı əsassız ərazi iddiaları ilə çıxış etdi. Qarabağı ələ keçirmək məqsədi ilə bu dövrdə ermənilər əvvəllər də həyata keçirdikləri soyqırım aktlarını törətməyə davam etdilər. Vəziyyətlə əlaqədar olaraq, 1919-cu ilin yanvarında Azərbaycan hökuməti Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Baş Qarabağ Əyalətini yaratdı. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet dövlətinin bərqərar olmasından bir neçə il sonra, 1920-1923-cü illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibində olmuş Azərbaycan torpaqları özlərinin ənənəvi tarixi və geocoğrafi bütövlüyünü itirdi. Sovetləşdirildikdən sonra Azərbaycan Dağlıq Qarabağa muxtar vilayət statusu verməyə məcbur edildi. Beləliklə, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrə bölündü. Bütün bu tarixi ədalətsizliklərə baxmayaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin siyasi, sosial, iqtisadi və mədəni inkişafını təmin etmək üçün Azərbaycan bu bölgədə kompleks islahatlar həyata keçirdi. Amma yenə də erməni separatçıları öz mənfur siyasətlərini həyata keçirməyə və bununla da Azərbaycana ciddi ziyan vurmağa davam etdilər.SSRİ-nin süqutu ərəfəsində onlar öz fəaliyyətini sürətləndirdilər. Azərbaycana qarşı təcavüzkar müharibə başlandı.SSRİ-nin süqutu ərəfəsində onlar öz fəaliyyətini sürətləndirdilər. Azərbaycana qarşı təcavüzkar müharibə başlandı.