BIR GÜN GƏLƏCƏK HƏR KƏSDƏN KİM OLDUĞUNU SORUŞACAQLAR... |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Məhəmməd Əmin Rəsulzadə MİLLİ DİRİLİK; AZƏRBAYCAN DAVASI; Məqalələr, Nitqlər 1914-1954 İçindəkilər: - Dirilik Nədir? - Milli Dirilik - Azərbaycan Davası - Milli Azərbaycan Hərəkatının Xarakteri - Mirzə Fətəli Axundzadə - 1953-cü ilin 28 Mayında Azərbaycana xitab - 1951-ci ilin 26 Avqustunda Azərbaycana xitab - ADR-nın Qızıl Ordu Tərəfindən İstilaya Uğramasının 32-ci ildönümü Münasibəti ilə 1952-ci ildə yayımlanan xitabı. - Ə. (Dudənginski)-Fətəlibəylinin qətli münasibətilə nitq. * * * DİRİLİK NƏDİR? (16 sentyabr 1914) Dirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər, fəqət biz “dirilik”i anladığımız kimi anlatmaq üçün hal-hazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan şəttatlardan daha bəliğ bir bəyаn olamaz zənnindəyiz. Dünyanın mütəməddin millətləri öz diriliklərini təmin üçün cəhənnəmi silahlarla müsəlləh olub, biri-birilərinin üstünə hücum ediyorlar. Nə əcaib bir tələqqi ki, istədikləri kimi dirilə bilmək üçün ölümü qəbul ediyorlar. Dirilik üçün ölüyorlar. Dirilik üçün ölmək! Avropa diriliyi bu dərəcədə müəzziz tutuyor və ona bu qədər əhəmiyyət veriyor. Halbuki Şərqdə, ələlxüsus, Şərqi-islamda yalqız olmaq üçün diriliyorlar. Başqalarında məqsəd dirilik isə, bizim məqsədimiz ölümdür. İştə diriliyi və dirilik fikrini avropalılar kimi anlayıb və anlada bilmək diriliyin məqsədini təşkil ediyor. Avropalılarca dirilik məhz qüvvətli olmaqdan ibarətdir. Bədənən və ruhən qüvvətli olmaq. Gərək bir insan və gərək bir millət elmən və bədənən qüvvətli olmayınca dünyada yaşaya bilmək nemətindən məhrumdur. Yaşaya bilmək üçün icabında yaşamağı belə fəda edə biləcək qədər, rəşid olan millətlərdir ki, dünyada dirilik haqqı qazanıyorlar. Müdafieyi-nəfs və mübarizeyi-həyat xassəsi zatən bütün mövcudatda qoyulmuşdur. İnsan deyil, heyvanlar dəxi öz nəfslərini müdafiə və öz diriliklərini mühafizə üçün var qüvvələri ilə çalışıyor, çarpışıyorlar. İnsanlar bilafərq millət və məzhəb düşməni — ümumiləri olan təbiətlə mübarizə etmək məcburiyyətindədirlər. Gördüyümüz mədəniyyət içində bulunduğumuz imran iştə bəşəriyyətin təbiətlə etdiyi davalardan aldığı qənimətlərdir. Hər hankı millət ki, təbiətə qarşı icra olunan müharibədə daha bacarıqlı və daha qüvvətlidir, o millət təbiətdən alınan qənimətdən də daha ziyadə istifadə ediyor. Hələ yalqız bununla qalmayıb dünyanın nemətlərini təqsim edərkən, diri millətlər özlərinə hər kəsdən ziyadə pay çıxarıyorlar. İştə bu xüsus, ümumi diriliyindən başqa insanlar arasında bir də xüsusi bir dirilik vücuda gətiriyor ki, bu xüsusi diriliklərin ən mütəkamil bir şəkli milli diriliklərdir. Millətlər qüvvətli və tərəqqi olmadıqca dirilik mənayi-həqiqi və maddisilə anlamadıqca, təbiətdən alınan qənimətlərdən hissələrinə ancaq bir qutlayəmut düşər. İştə bu qutlayəmutə qənaət edən millətlər kargahi bəşəriyyətdə ən süfla xidəmətlər ifa edən fəsil əmələlərdir. Neft mədənlərində çalışan “çornı raboçilər” kimi. Məncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yаxud ölgün fikirlərlə yaşaması yalqız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor. Yuxarıda başqaları dirilik üçün öldükləri halda, bizim ölmək üçün dirildiyimizdən bəhs etmiş idik. İndi təkrar bu bəhsə ovdət edəlim: Biz, yəni islam aləmi və islam millətləri dinimizin sağlam əmrlərindən çox uzaqlaşaraq dünya diriliyinə qərib bir nəzərlə baxmağa başladığımız zamandan bəri başqalarından ruzəxari və onlardakı tərəqqi və imranın əsir və dəstgiri olduq, bunu etiraf etməliyiz. Bizcə, dünyanın diriliyi bir manqirə dəyməz. Beş gün dünyadan ötrü insan çalışmasa daha məqul bir iş görmüş oluyor. Çünki bu dirilik müvəqqətidir, burası da bir karvansaradan ibarətdir. Doğrudan da islam aləmi ilə Avropa aləminin abadlığı müqayisə edilərsə, birincisinin xaraba bir karvansaradan ibarət olduğu həman anlaşılar. Fəqət düşünməlidir ki, bu gün dünyanın ən möhkəm səngərlərini xak ilə yeksan edən topların müqabilində köhnə karvansaraların halı nə olar? Bu kimi karvansaraların insanı yаşada biləcəyindən bəhs etməyəlim. Bunlar ölümü çarçeşm ilə gözləyən bir abidin hüzuri-qəlbilə razi-niyazına da kafi gəlməz. Belə dünyaya bir qələm çəkib də bütün diriliyi axirət diriliyindən ibarət bilməyi, bir əmri din bilmək səlim düşünülərsə böyük bir xatadır. Çünki bunun nəticəsi maddi və mənəvi bir fəlakətdir ki, dünyanı da, axirəti də bərbad edə bilər. “Əddünya məzrəətul-axirə” Məzrəəni abad etmək lazımdır. Buna da ancaq dirilər yarar. Dirilik isə elmən, ruhən və cismən qüvvətli olmaqdan və diriliyi sevməkdən ibarətdir. Nəzərə bir az qərib gəlsə də demək istəyirəm ki, dirilik dünyanı sevməkdən ibarətdir. Mənayi xassı isə dünyapərəstlikdir. Diriliklərin ən qiymətlisi də milli dirilikdir. “Milli dirilik” mövzuində bir silsilə məqalat yazmağı möhtərəm qarelərimə vəd etməklə bərabər bu pərişan sətirlərdə yetirmək istədiyim fikri xülasə etməklə xətm məqal edəcəyəm. Dirilik nədir? Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir. İştə mətbuata yeni çıxan “Dirilik” də öz milləti üçün böylə bir dirilik arzu edir. “Dirilik” N1, 16 sentyabr 1914 * * * MİLLİ DİRİLİK — I — Qarelərimizə bu xüsusda bir “silsilə məqalat” vəd etmişdik. Bu vədimizə şamil olan məqaləmizin bir qismində demişdik ki, “mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə uyğun olan xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yаxud ölgün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyini deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor”. Bu fikrimi indi burda açacağam: sevdiyim, namusu-millətpərvəranəsinə şübhə etmədiyim rüfəqadan birisi, qayət səmimi olaraq bir gün mənə belə bir sual vermişdi: - İslam millətləri üzərinə təsəllüt icra edən mütəməddin millətlərin təsəllütləri nəticəsində, bəşəriyyət nöqteyi-nəzərindən hasil olan parlaq nəticəni gördüyümüz halda, milliyyətpərvərlik naminə inad edib də islam millətlərinin müstəqil qalmalarını arzu etməkdən nə kimi bir fayda gözlüyoruzuz? Mən bu suala cavab olaraq , bu faydanı biz deyil, bəşəriyyət və mədəniyyəti-bəşəriyyə dəxi bəkliyor — deyə cavab verincə, müsahibim yalqız dəlil və sübutla qane olacağını bəyаn etmiş idi. Mənim onlarca müsəmmən ədd olunan bəyanatım isə bir vəchiati idi. Hər millətin yaşadığı mövqe, keçirdiyi tarix, mənsub olduğu irq nəticəsi olaraq bəzi xasiyyətləri vardır ki, o xasiyyətlər onlara məxsusdur. Ondakı bu xüsusiyyətlər aləmi — mədəniyyətdə xüsusi bir taqım ibda və ixtiralar vücudə gətiriyor ki, onların əsillikləri (oriqinalnost) müdəqqiqlər nəzərində fövqəladə qiymətlərə dəyər şeylərdir. Diqqət olunmuşsa hər millətin bir şeydə mahir olduğu görülmüşdür. Almanlar sənaətdə, fransızlar zərafətdə, ingilislər gəmiçilikdə, belçikalılar ictimai təşkilatda, italyanlar musiqidə, başqaları da sair xüsuslarda şöhrət tapmışlardı. Hər millətin özünə məxsus bir saheyi-mədəniyyəti vardır ki, orada onun ibraz elədiyi məharəti digər bir millət göstərə bilmiyor. Bunların bu xüsusiyyətlərindən isə mədəniyyəti-bəşəriyyə bir çox əsli şeylərə və guna-gün asari-sənət və dühaya malik oluyor. Alman milləti, german irqi özünün istiqlalını təmin eləməsə və öz mədəniyyət xassəsini mühafizə etməsə idi bəşəriyyət Şopenhaur, Fixte, Göte, Faust, Qutenberq və Lüter kimi dühaları da görməyəcək idi. Fransa digər bir irq və qövmiyyət içində münhəl olub da öz mənliyini itirsəydi, bəşəriyyət 19-cu əsrin fikirləri üzərinə hökumət edən o fikir qəhrəmanlarını Jan Jak Russo, Didro, Monteskyu, Viktor Hüqo və Volterləri də qayib edəcəkdi. İtaliya milliyyətini anlamasa, özündəki xudadadi qəvvətlərdən xəbərsiz qalsa, yəni başqa bir milliyyət tərəfindən yoğrulub həzmi-rabidən keçilsə idi, indi nə dünyanın birər ammeyi-zərafətini təşkil edən heykəllər vardı nə də Mikelancelo kimi heykəltəraşlar. Nə uzaqlara gediyoruz. Bir kərə təsəvvür ediniz ki, Rusiyanın istiqlalı olmasa, rusca da məhkum, məğlub bir lisan olsa, başqa bir millət tərəfindən, məsələn: Rusiyanı maddi, mənəvi bu qədər təsir və nüfuz altına almış alman milləti tərəfindən kamilən təmsil (assimlə) edilsəydi, əcəba, biz Puşkin, Lermontov, Dostoyevski, Tolstoy, Şalyapin, Meçnikov və sairəyə malik olacaqmı idik? Məlum ki, yоx! Millətlərin ümumi şəxsiyyətlərindən keçəndən sonra bu məsələ ilə əlaqədar olan ayrı-ayrı fərdləri alsaq, yеnə təmsil (assimilyasiya) ilə istiqlalın mədəni və ibdai fərqini görəcəyiz. Zənn ediyorum ki, əgər bir statistik tutulsa, görüləcək ki, daima müqtədir sənətkarlar mənsub olduğu milliyyətlə, maddi və mənəvi rabitə və əlaqələrini daha ziyadə saxlamış olanlar arasından çıxıyor. Məsələn, yaxşı bir rus mühərriri olub da öz həyatını kəmalınca təsvir etmək bir rus qəlbinin, rus vicdani-ümmuyyəsinin tərcümanı ola bilmək üçün ruslar kimi düşünmək, onlar kimi hiss edə bilmək lazımdır. Bunun üçün də rus olmaq, rus yaşamaq və rusları olduqca bilmək gərəkdir. Halbuki, ruslaşmış bir müsəlman balası, yаxud təmsil olunmuş bir erməni dığası, yаxud döndərilmiş bir yəhudi övladı nə qədər özlüyündən uzaqlaşmış olsa da yеnə böylə bir rus ola bilməz: əvvəla bilməyincə də ondan yaxşı və müfid bir rus mühərriri çıxmaz. Binaən əleyh, ondakı ibdai-qüvvətləri əqim qalar, bundan isə yaşadığı mühit zərər çəkər. O mühitdə bu kimilər çox isə əqamət bir nəfərə deyil, bir milliyyət və bir qövmiyyətə sirayət edər. Demək bəşəriyyət ailəsinə daxil olan bir fərdin zatı, əhəmiyyət və qiyməti əksilər. Binaən əleyh, bəşəriyyət bir çox zəkalardan məhrum qalar. Özlüyündən çıxarılıb da başqa bir milliyyətə təmsil etdirilən şəxs təmsil edən mühitə böyük bir fayda verə bilmədiyi kimi, əslindən mənsub olan mühitə də böyük bir fayda yеtirə bilməz. Çünki aldığı hal və tərbiyəsilə özünkülərdən uzaqlaşmış olar. Onlar bunu, bu da onları anlamaz. Demək ki, “əz anca rande əz inca mande” məyyb və səqti bir şey vücuda gələr. Bizim mühitimizdəki rusca oxumuşlarımızı tədqiq etsək, görəcəyiz ki, ali diplom almış, böyük təhsil görmüşlərimiz arasında ancaq o qismi az-çox iqtidarlı və mənsub olduğu mühitin işlərilə əlaqədardır ki, az-çox türkcə savadı var və öz milliyyətinin nə olduğunu biliyor. Sırf rusca ilə böyüyüb də özlərindən xəbəri olmayanlar isə əksərən mənsub olduqları mühitin ehtiyaclarına qarşı laqeyddirlər. Bu laqeyd və bu səmərəsizlik əlbəttə ki, böyük bir əqamətdir. Böylə əqim fərdlərə malik olan heyətlər hər nə qədər fəal olsalar da fayda verməzlər, mədəni əqamətə məhkumdurlar. Qatır da fəaldır, eşşək qədər davamlı, at qədər qüvvətlidir. Fəqət əqimdir və tənasüldən məhrumdur. Həyatını həmişə başqalarına mədyundur. Həyatın hambalı olmaq kafi deyildir. Onun müvəllidi olmaq gərək. Qatırdakı qüvvət və davam müvəqqətidir. Artırılıb və tərbiyə edilməsi qeyri-mümkündür. Halbuki atdakı qüvvət, eşşəkdəki davam qanuni- təkamül və təvarüsün bütün hökmlərinə tabe zihəyat birər qüvvət mənbələridir. Kənardan bir millətin gəlib təsəllüt təriqilə digər millətə qalib gəlməsi, onun bilcümlə şəxsiyyətlərini məhv edərək özünə təmsil etməsi də eynilə qatır hasil etmək kimi bir şeydir. Təmsil təriqilə təməddün etmək hər nə qədər ibtidai — əmrdə nəzərə bəzi parlaq nəticələr göstərsə də, həqiqətdə heyəti-bəşəriyyədə ki, əsli qüvvələri korlamaqdan və onları doğmaq və artırmaq xassəsindən məhrum etməkdən başqa bir şey deyildir. Bu gün İranı keçirməkdə olduğu bu ən fəalakətli günlərdən “xilas” etmək üçün əlindəki istiqlal kölgəsindən də məhrum edib, başqa mütərəqqi bir millətin idarə və təmsili altına versəniz ehtimal ki, Ənzəli bir neçə ilin zərfində Bakıya meydan oxuyacaq qədər tərəqqi edər. Və bəndər bu şəhər də Bombeydən heç də geri qalmaz. Fəqət bu səri tərəqqinin müqabilində əmin olunuz ki, İran bir daha nə Firdovsi yetirər, nə Sədi, nə Hafiz. Milli istiqlal, ələlxüsus, millətlərə xüsusiyyətlərinin mühafizəsini təmin edən istiqlal daima bəşəriyyətə saheyi-mədəniyyətdə yeni və əsli bir taqım ibdalar, ixtiralar nəvidindədir ki, mədəniyyəti-bəşəriyyə dediyimiz şey də bu bədaət və ixtiraların məcmuindən ibarət bir yekundur. Biz qafqasiyalılar bir nöqteyi-nəzərdən tərəqqiyati-madiyyəmizcə iranlılardan da, osmanlılardan da irəlidəyiz. Misirlilər də kəza, Hindistan da böylə. Bununla belə dəftəri ixtiraati-aləmdə cüzicə də olsa da nə bir ismimiz var, nə də bir rəsmimiz. Halbuki, İranın heç olmasa “Mahmudiyyə” namilə bir sitarə kəşf edən Mahmud xanı, Türkiyənin də ismi Avropa qamuslarında bir lisani-təqdirə səbt və zəbt olunan Münir Paşa kimi müxtəre bir doktoru vardır. Tofiq Fikrət, Əbdülhəqq Hamid kimi böyük şairlərə malikiyyəti üçün də Türkiyə öz istiqlali-millisinə borcludur. Heç şübhə yoxdur ki, dünyanın millətlərə bölünərək qərar tutması mədəniyyəti-bəşəriyyə nöqteyi-nəzərindən bir zaiddir. Millətlərdəki mənliyin ədəmi-istiqlalı və onlardakı zatı xasiyyətlərin başqalarının xasiyyətləri içində münhəll olması bu zaidləri heç şübhə yоx ki, mübəddəl bir naqis ediyor. Naqislərin ədədi çoxaldıqca, müadilənin qiyməti azalmaq elmi-cəbr qaydalarındandır. Dustana bir söhbətin xatiməsini təşkil edən bu bayağını yuxarıda zikr olunan rəfiqimə qarşı aşağıdakı vəchlə təlxis etmiş idim: Əcələ bir surətdə maddətən tərəqqi edib mənəviyyatca məhrum qalmaqdansa, maddətən gec tərəqqi edib, mənəviyyatca müstəqil qalmağı təcrih edirəm. Çünki millətin də, bəşəriyyətin də faydası bundadır. Binaən əleyh, başqalarını təmsil üçün deyil, öz mənliyini mühafizə üçün çalışan millətpərəstlik mədəniyyəti-bəşəriyyə naminə təqdir və təsdiq olunmalı zəruri və faydalı böyük bir fikirdir. ------------------------------------------------------------------ “Dirilik” jur. N2, 2 oktyabr 1914
MİLLİ DİRİLİK — II — Birinci məqaləmizdə başqalarını təmsil üçün deyil, öz mənliyini mühafizə üçün çalışan millətpərəstliyin mədəniyyəti-bəşəriyyə naminə təqdir və təqdis olunmalı, zəruri və faydalı böyük bir fikir olduğunu söyləmiş və məqaləmizə xitam vermişdik. Millətpərəstliyin və milli diriliyin nə olduğunu yaxşıca bilmək üçün əvvəlcə millətin nə olduğunu öyrənmək və onu öyrənmək üçün nə kimi vasitələrə rücu etmək lazım olduğunu anlamaq gərəkdir. Bizdə “millət” kəlməsinin mənası çox yanlış bir surətdə tələqqi edilməkdədir. Nə qədər ali təhsil görmüş, mədəni həyat və mədəni məmləkətlər görmüş adamlarımıza təsadüf edərsiniz ki, hansı millətdənsiniz, deyə verəcəyiniz suala: “müsəlmanam” — deyə cavab verir. Və bu cavabın heç də namüvafiq olduğunu düşünməz. Halbuki, həmən adam özü bir nəfər rusa “tı iz kakoy natsii” - deyə verdiyi suala “xristianin” cavabını alsa, məzkur cavabı olduqca gülünc və cavab verən şəxsin cəhlinə dəlil tutar. Əslində bizdə “ümmət” kəlməsilə “millət” kəlmələrinin fərqi ayrılmamışdır. Bəlkə də qədimdə “ümmət” ilə “millət” arasında fərq olmayıb, qövmiyyət və cinsiyyət caməsini andıran “millət” kəlməsi həmkiş və həm dinlik caməsinə elm olan “ümmət” kəlməsilə qarışmış və “milləti-islam” təbiri məşhur olmuşdur. “Millət”i nasyon (natsiya) mənasına alacaq olursaq, bu heç də həmdinliyi bildirməz. Bu, dindaşlıqdan əlavə bir çox “daşlıqları” da came olduğu kimi, bilxassə dil birliyini lazım gətirər. Mənaye-müasiri ilə “millət” kəlməsi iştə bu dilbirliyindən hasil olan camiyyəti ifadə edir. Fəqət başlıca dil birliyindən ibarət olmaqla bərabər millət məfhumu başqa xüsuslara da şamildir. Avropa qamusları “millət, nasyon” kəlməsini bu surətlə tərif edərlər: “İnsanların əxlaq əsasları üzərinə qurulmuş ittihadlarının böyük bir şəklinə “millət” deyilir. Millət daxilində olan müxtəlif heyətlərin bir-birlərilə bərabər yaşamasına müttəhid, bir dirilik keçirmələrini arzu etmələri şərt olduğu kimi, o cameəyə daxil olan bəzi heyətlərin digərinə təsəllüt etməməsi də əlzəmdir. Şəraiti-tarixiyyə “millət”in dövlət şəklindəki mövcudiyyətinə mane olsa da, mədəni və ədəbi şəkildəki zühuri hər halda mümkündür. Məsələn, əcnəbilər tərəfindən parçalanmış qitə-qitə olunmuş İtaliya heç bir zaman milləti-vahidə olmaqdan qalmadığı kimi, indiki halda üç dövlət arasında bölünmüş olan lehləri kəmali cəsarətlə bir millət saymaq olar. Öz-özlüyündən məlumdur ki, birliyi dərk eləmək və onu arzu eləmək tarixi bir zəmində və insanların tədricən qövmiyyətdən milliyyət və milliyyətdən də millət dərəcəsinə çıxmaları ilə hasil oluyor”. Burada işlənilən qövmiyyət, milliyyət və millət sözlərinin fərqini isə qamuslar böylə təyin edirlər: “Qövmiyyət-narodnost” yalnız nəsl və dil birliyi; “Milliyyət-natsyonalnost” dil və mədəniyyət-birliyi və “millət-natsiya” da mədəniyyət və milli diriliyi dərk etməklə hasil olar. Yəni bir ata-babadan yetişmə və bir dildə danışan kiçik bir tayfa və yа qövmə - qövmiyyət sözü itlaq olunar: Şahsevən kimi Şahsevəndən bəhs edərkən bir qövmdən bəhs olunar. Artıq Şahsevən milliyyəti deyilməz. Bir çox bu kimi qövmiyyət və tayfalər cəm olub bir dil ilə bərabər müəyyən bir mədəniyyətə malik olan azərbaycanlılardan bir milliyyət kimi bəhs etmək olar. Şimali türk-tatar, Krım, Türküstan, Azərbaycan və Qərb türkləri osmanlıları cəm və milliyyətlərin bir neçə böyük şəklinə haiz olan cameyyətə isə “millət” kəlməsi verilir. İştə bu surətlə slavyan, german millətlərinə müqabil vəz oluna biləcək kəlmə türk, fars və ərəb kəlmələri ola bilər. Müsəlman və yаxud islam kəlməsi deyil, bunlar ancaq isaviyyətlə xristianlıq kəlmələrinə müqabil qoyula bilərlər. ”Milliyyət” və ”millət” sözlərinin qəlibi bu surətlə tərif olunduqdan sonra əsl milliyyət və yаxud milləti və onun məfhumunu vücuda gətirən ünsürlərdən bəhs edəlim. Milli mədəniyyət və yаxud millət, dil birliyi, adət və əxlaq birliyi, ənənati-tarixiyyə və nəhayət etiqadati-diniyyə birliklərinin məcmuundan mütəşəkkil bir məhsuldur. Əgər millətin haiz olduğu əczalarını biri-birindən ayırıb aralarında bir nisbət təyin edəcək olurlarsa, yüzdə əqəllən səksən dil birliyi olduğunu rəna görürlər. Dil millətin böyük hissəsidir. Onun zahiri və batinidir. Millətləri biri-birindən ayıran ən böyük əlamət, iştə bu dil damğasıdır. Millət təşkilində ənənati-tarixiyyənin də böyük mədxəliyyəti vardır. Fəqət bəzən bu ənənə millətin ittihadına rəxnə yetirəcək bir şəkildə də ola bilər. Halbuki dil ilə dində bu cəhət olamaz. Fəqət din cəhəti yеnə dil qədər mətin və möhkəm hesab oluna bilməz. Çünki dil daimidir, baqidir. Tərəqqi və təkamül edirsə də, əsaslı bir etilaf və təğyirə uğrayamaz. Halon ki, tarixdə bir çox dinlər dəyişmiş olan millətlər mövcuddur. Zatən heç bir millət yoxdur ki, dinin kərratla dəyişmiş olmasın. Məəmafih, əxlaq və adat üzərindəki fövqəladə təsiri nöqteyi-nəzərindən dinin də millətdə böyük iştirakı vardır. Dil ilə bərabər dində də bir olan millətlərin mərifəti-qövmiyyətləri daha tez hasil olub, aralarında milli vicdan daha əvvəl inkişaf ediyor. Millətlərin həyatı da ancaq bu milli vicdanın inkişafı sayəsində mümkün olub, ancaq bu vicdanın təsirilədir ki, milli ideal hasil oluyor. Milli idealın (imanın) hüsulu ilədir ki, millətlər özlərinə şanlı, şərəfli bir dirilik təmin edə bilərlər. Sairə yerlərin müsəlmanları kimi, biz Rusiya müsəlmanları milliyyətdən əvvəl din cəhətinə əhəmiyyət verdik. Bütün hərəkati-tərəqqipərvəranəmizdə din naminə dirilik göstərmək istədik. Türkcə qəzetə çıxardıq — adına müsəlman qəzetəsi dedik. Türkcə teatrlar, operalar düzəltdik — ünvanlarını müsəlman teatrosu və müsəlman operası dedik. Məktəb açdıq rus-müsəlman məktəbi namini verdik. Cəmiyyətlərimizin sifətləri yеnə “müsəlman” kəlməsindən ibarət oldu. Halbuki elədiklərimizin hamısı türkcə olub və türk asari-mədəniyyəsini diriltmək üçün idi. Müsəlmanlığın ibtidai təsirindən gələrək biz özümüzü müsəlman adlandırdığımızdan əsil milliyyətimizin ünvanını təşkil edən türklüyə əhəmiyyət verməmiş, həman “müsəlman” adına qənaət eləmiş idik. Hələ də etməkdəyiz. Hələ bu qənaətlə də qalmamışıq, başqaları bizə “tatar” və “persiyan” demişlər, ona da etiraz etməmişik. Bu tamamilə ondan gəlmiş ki, biz özümüzü necə ki lazımdır tanımamışıq. Özümüzü əməllicə tanımış olsaydıq və milli diriliyin nə kimi əsaslar üzərinə qurulması lazım olacağını kəmayənbəği bilseydik, əlbəttə ki, “müsəlman operası” deməyəcək, bunun “xristyanskaya opera” qədər gülünc bir şey olduğunu dərk edəcək idik. Öylə də türk səhnəsinin opera artisti olmaqla iftixar etdiyimiz halda, nami-müstəar ittixaz edərkən “ski”ədatına ehtiyac göstərməyib Ağdamski, Sarabski əvəzinə Ağdamlı, Sərablı deyəcəydik. Öylə də “müsəlman səhnəsi” deyil “türk səhnəsi” deyəcək və baş faciə oynayanımız Ərəblinski deyil, Ərəbli olacaqdı. Fəqət bu kimi xüsuslar milli ruhun əsaslı bir surətdə inkişaf etməsi ilə, milli vicdan və milli imanın hüsulə gəlməsi nəticəsində bittəb öz-özündən düzələcəyindən böylə bir vicdan və imanın nə surətlə hasil olacağından da bəhs olunmalıdır. Bu xüsusda da gələn nömrədə. “Dirilik” N 3, 14 oktyabr 1914 MİLLİ DİRİLİK — III — Milli vicdan ilə imanın nə surətlə hasil olacağından bəhsi bu nömrəyə vəd eləmişdik. Milli vicdan və yаxud milli iman milli dirilikdəki əməl və arzunun mövcudiyyətindən və onun surəti-hiss və bəyanından hasil oluyor. Hər millət deyil, hətta bir şəxsin özünə görə bir əməli vardır. Buna başqa təbirlə meyl və arzu dəxi demək olar. Bunun firəngcəsi “ideal” gəliyor. Osmanlıcada son zamanlarda bunu “məfkurə” deyə tərcümə edənlər də vardır. Hər şəxsin arzu və əməli bittəb özünün iqtidar və məsləki ilə mütənasib olur. Məsələn, bir müəllimin məktəb müdirliyinə nail olmaq istəməsi onun üçün bir əməl təşkil edir. Bir mühərririn qəzetə sahibi olmağı arzu eləməsi onun idealıdır. Öylə də bir çobanın böyük bir sürü sahibi olmaq diləməsi onun məfkurəsidir. Demək ki, bir şəxs öz iqtidar və bacarığı dairəsində müntəha nəyə malik olmaq istərsə, o şey onun əməlidir. Əməlsiz kimsə yoxdur. Onsuz yaşamaq naqabildir. Əməl fəaliyyətə, fəaliyyət də tərəqqiyə mövcib oluyor. Şəxslər əməlsiz yaşaya bilmədikləri kimi, millətlər də əməlsiz yaşaya bilməzlər. İştə millətin ümumən də mövcud olan hakim bir əməl və arzu yolunda bəslənən gizli hisslər milli vicdan ilə imanı tövlid ediyorlar. Fəqət bu milli əməlləri kimlər zühura çıxarıyor və milli vicdan nə surətlə zahir oluyor? Bunu anlıyalım: Yuxarıda kimsənin əməlsiz olmadığını iddia etdik, fəqət əməldən əmələ fərq vardır. Şəxsi əməllər hər nə qədər müşkül və istehsalı çətində olsa, böyük ola bilməz. Yəni ona böyük və milli əməl deyilməz və o milli vicdanın tələb elədiyi də olmaz. Məsələn, bir hambal millioner olmaq əməlinə düşər və bu çətin məqsədə nail olsa belə, bu əmələ böyüklük namı verilməz. Fəqət bir fərd öz mühitinin faydasını düşünərək şəxsi üçün deyil, qövmi və yаxud milləti üçün bir əməl bəslərsə, buna böyük əməl demək olar, bu kimi adamlara da böyük əməlpərvərlər, yаxud məfkurəçi ismi verilər. Məsələn, ruslarda Böyük Pyotr, Lomonosov, firənglərdə Jan Jak Russo, Napoleon; almanlarda Lyuter, Bismark; osmanlılarda Sultan Məhəmməd Fateh, Midhət Paşa; iranlılarda Nadir şah ilə Firdovsi; əfqanda Əmir Əbdürrəhman xan bu kimi böyük əməlpərvərlərdəndir. Böyük milli əməl bəsləyənlər əvvəl nəzərdə görüldüyü kimi o qədər də az deyildirlər. Onlar hər zamanda olmuşlar və vardırlar. Yalnız şöhrətləri, iqtidarları və gördükləri işlərin əndazəsinə görədir. €z şəxsi məqsədi xaricində mühitinin ehtiyacı ilə məşğul, onun səadəti naminə əməl bəsləyən və o əməllərə öz şəxsi əməlləri kimi xidmət edənlər həmən böyük əməlpərvərlərdəndirlər. Bir millət arasında bu kimilər məhdud, yа məfqud olarsa, o, millət müstəqil və sağlam bir vücud üzü görməz və başqalarının ziri-dəsti olub, ayaqları altında əzilər, gedər. Çünki, şəxslərə mümkün olmadığı kimi, millətlərə də əməlsiz yaşamaq qabil deyildir. Fəqət böyük əməlpərvərlər bu böyük əməli haradan alıyorlar? — Əsil arasında yaşadıqları mühitin özündən. Bir mühit, daha vazeh bir təbirlə, bir millət əfradının ürəklərində milliyyətləri və mühitləri haqqında bəzi arzular vardır. Fəqət bu arzulara bir şəkil və surət verməkdən özləri acizdirlər. Müştərək bir əməl bəsliyorlar, fəqət bu bəslədiklərinin nədən ibarət olduğunu təyin edə bilmiyorlar. Aralarından bir iqtidarlısı çıxıb da bu hər kəsin mübhəm bir surətdə hiss etdiklərini müəyyən bir şəkil və surətə qoyunca, baxırsan ki, bir çoxları özlərinin də mübhəm bir surətdə hiss etdikləri şeyin məzkur əməlpərvər tərəfindən təyin olunanın eyni olduğunu görüyorlar. Demək ki, əməlpərvər birisinin qələmə və yаxud dilə gətirmək surətilə təsvir etdiyi bu lövheyi-istiqbal bir ayineyi-xəyaldır. Hər kəs özünün istədiyini o aynada inikas etmiş buluyor və dərhal özünün dəxi o fikirdə olduğunu izhar ediyor. Ayrı-ayrı əməlpərvərlər tərəfindən təsvir və təyin olunan, başqa təbirlə, ehzar olunan milli əməllər layihəsi xalqın əsl düşünüb də hiss və arzu etdiyilə təvafüq edirsə, məzkur əməl səri bir surətdə xalq arasında intişar edər və bollu tərəfdarlar qazanar. Yoxsa məhdud bir dairədə intişar tapıb nəhayət, nisyan bucağına atılıb qalar. Məsələn, Fransa inqilabi-kəbirindən əvvəl mövcud olan üsuli-həyatdan Avropa xalqı bizar olmuş və əqillərin o vaxta qədər hakimi olan nəzəriyyə və fəlsəfələr köşəmiş hər kəs halın böyləliklə davam edə bilməyəcəyini düşünmüş idi. Cəmaət digər bir tərzi-həyat arıyordu. Və hər kəs özü-özlüyündə də əhvalın nə yolla dəyişməsi lazım gələcəyini mübhəm bir surətdə hiss etməkdə idi ki, Russo o müdhiş qələmi-nəqqadı ilə zühur etdi. Mövcud olan tərzi-həyatı başdan ayağa tənqid edərək, tazə bir həyat əməlinin əndazəsini göstərdi. Bütün Avropa həmən Russonun yazdıqlarını alqışladı, hər yerdə filosof özünə atəşli tərəfdarlar tapdı. “Russoluq” xalqı elə bir həyəcan və ğəlyanə gətirdi ki, xalq onun vəz eyləmiş olduğu əsasların müdafiəsi üçün canını fədaya hazır olub, əməl uğrunda biintiha qalanlar belə töküldü. Papalıq hədd və əndazədən çıxmış bipayan cinayətkarlıqları və sui-istemallarından bizar olan xristianlıq aləmi Lyuterin zühuru ilə təsis edən protestantlığı dəxi öylə bir hərarət və səmimiyyətlə qarşıladı. Çünki Lyüter mühitinin mübhəm bir surətdə düşündüklərini tədvin eləmiş və müəyyən bir şəklə qoya bilmişdi. Bolqar milləti bir zaman məhv və nabud olub getmişdi. Hər kəs bir daha bolqar deyə millət vücuda gələcəyindən naümid idi. Hətta zəmanəsinin ən mütəfəkkir bir simasını təşkil edən Volter belə bolqarlar haqqında “münqəriz bir millət” demişdi. Fəqət sonra bolqar böyük əməlpərvərləri Vazovlar və Bayayılar zühur etdilər. Bolqarların təbir edə bilmədikləri əməllərini qələmə gətirib onları şerləndirdilər. Böyük Bolqar tarixi yazılıb burada bolqarların ən nazik hissiyyatlarına təsir edən və onlarda ruhi-milli oyadan vəqələr canlandırıldı. Binaən əleyh “yox”dan bir “var” əmələ gəldi. “Münqəriz” millət dirildi, özünü Avropaya tanıtdı. Yunanıstan da böylə oldu. Əgər vaxtilə təsis edən “Etr” cəmiyyəti millətini başına cəm edib də türkləri vətəndən qovmağa müvəffəq oldu isə, məhz o öz millətinin vicdan və imanını doğru bir surətdə təhlil edərək, xalqın mübhəm bir surətdə, duyduğu milli əməlləri həqiqətilə dərk və təbir edə bilmək sayəsində oldu. İştə bu xariqələr icad edə bilən böyük əməllərin müvəllidi olan milli vicdanı dərk və milli imanın iqtiza elədiyi böyük əməlləri kəşf və təfsir edə bilmək üçün hər şeydən əvvəl məzkur mühiti və yаxud milləti öyrənmək, onun mazisini bütün təfsilatı ilə tədqiq etmək lazım gəldiyi kimi, bir millətin mənəvi mövcudiyyətindən ibarət olan dilini də tədqiq eləmək, millətin yüzdə doxsan rüknüni təşkil edən bu mövhibeyi-üzmanın bütün dəqayiqini aramaq və sonra da o istiqbal üçün bir çox giranbaha maddələr saxlamış olan mazini, o xariqələr yarada bilən ana dili ilə millətə anlatmalıdır. Böylə milli bir dərs nəticəsində də heç şübhə yoxdur ki, milli vicdan təsis edər, o dəxi böyük və milli bir əməl tövlid edər. “Dirilik” N 4, 1 noyabr 1914 MİLLİ DİRİLİK - IV - Keçən məqaləmizdə böyük milli əməlin nə kimi bir qüvvətə malik olduğu ilə, onun mahiyyətindən və nə surətlə hasil ola biləcəyindən bəhs etmişdik, bu kərə yеnə o mövzu üstündə duracağız. Milli bir idealın (böyük əməlin) təsisinə nədən lazım görülüyor? Bunu yaxşıca dərk edə bilmək üçün bir az keçilmiş və keçirməkdə olduğumuz milli həyatımız ilə onun təzahürlərinə təhlil və intiqad baxışı ilə baxmalıyız. Nə görüyoruz? Bizdə bir çox cəmiyyətlər təsis olunuyor. Bir çox kitablar nəşr olunuyor. Böyük-böyük yapılar, binalar tikiliyor. Fəqət bunları nə kimi bir məqsədlə yapıyoruz? — deyə varid olan suala cavabımız çox da səri və müəyyən bir şəkildə deyildir. Yəqinəmki, “millət üçün yapıyoruz” — cavabını verməkdən aciz deyiliz. Fəqət bu qədərlik bəsit bir cavab kafimidir? Həmən xeyrat və maarif ilə iştiğal edənlərə millətinizin əməli və millətinizin təqib elədiyi məqsəd nədir? — deyə sorulsa, labüddən cavabında məəttəl qalarlar. İştə işlərimizdə ümumi böylə bir rabiteyi-həqiqi olmadığından gördüyümüz işlərimizdə arzu olunan ruh və bütün müəssisati — xeyriyyəmizi biri-birinə bağlayan həblülmətinin yoxluğu hər zaman sızılıyor. Qocaman böyük bir cəmiyyəti — xeyriyyə binası yapdırarız. Amma milli bir müəssisə olmaq üzrə yapılan bu binanın hansı tərzi-memaridə yapılacağına heç də əhəmiyyət verməriz. Qabağımıza gələn ilk mühəndisi tutub da “al bizə bir bina yаp” — deyiriz. O da götürür bir az “qotik”dən, bir az “renesans”dan, bilməm nədən, cüziyyətcə də “mavr” (ərəb) tərzi-memarisindən qarışıq bir kompazisiyon yapar. Daşı-daş üstə qalar, müdhiş bir bina, ali bir imarət vücuda gətirir. Bu əzəmət, bu böyüklük əlbəttə ki, bizi fərəhləndirir, qəlblərimizə bir şadlıq gətirir, fəqət bir çox xərclərlə hasil olan təzyinat bizə türklüyün, müsəlmanlığın keçmişdəki əzəmət və ehtişamını andıra bilsəydi, bizim də özümüzə məxsus memarlıqda bir üsula, həm də gözəl, ali təqlidaşayan bir üsula malik olduğumuzu bütün tamaşakaranə bildirsəydi; əlbəttə ki, binanın maddi əzəmətilə mütənasib mənəvi bir böyüklüyü də olardı və həqiqətən də bu böyük əməlin möhtəşəm bir abidəsi kəsilərdi. Müəyyən milli əməllər bəsləyən millətlərin tacirləri belə kontorlarında apardıqları mühasibat dəftərlərini öz ana dillərində yazırkən bir kərə bizim xeyriyyə və maarif işlərilə məşğul olan cəmiyyətlərimiz mühasibatına da diqqət olunsun. Bütün rusca, hələ mühasibat dəftərləri (bəlkə də böyləliyi təftiş üçün lazımdır, — deyə müdafiə olunur) oyanda, məktubat da ruscadır. Nitqlər dəxi çox kərə rusca irad olunur. Sənələrdən bəri qiraətxanamız vardır. Fəqət nədir o qiraətxana? Tapılarmı orada istədiyimiz mətbuat? Varmı orada nəşr olunan milli qəzetlərin məcmuləri? Hərdən bir bu ədibə, o cəmaət işi görənə yubiley yapıyoruz. Fəqət bu gün Mirzə Fətəli Axundovu tədqiq etmək istəyən bir münəqqid mövcud olan kitabxanalarımıza gedib, ona dair bir qədər olsun, məlumat yığa bilərmi? Və yainki Azərbaycan türk tarixi ədəbiyyatı ilə iştiğal etmək istəyən başqa milli bir müəssisə, xüsusi bir məhəll tapa bilərmi ki, oradan istədiyi vəsaiti əldə etsin? Yоx! Halbuki, qiraətxanamız da, kitabxanamızda çoxdan bəridir ki, var. Rusiya məmləkətinin bir cüzini təşkil ediyoruz. Rusiyada yaşıyoruz, onun vətəndaşlarıyız. Bittəb, madam ki, burada diriliyoruz, diriliyimizin bir çox ehtiyacları vardır. Bu ehtiyacların bu vaxta qədər nədən ibarət olduğunu müdəvvər və müəyyən bir şəkilə gətirə bildikmi? 1905 və 1906 sənələrində Rusiyaya tarixi bir zaman gəldi. O zaman hər təbəqə və hər millət özünün çoxdan bəri düşünüb də bir məfkurə (ideal) kimi bəslədiyi şeyləri haman meydana qoydu. Onu və bunu istiyoruz — dedilər. Yalnız biz bir əmri-vaqe qarşısında bulunduq. Nə istəyəcəyimizi, etiraf edəlim, bilmədik. Bunu bilən tək-tək fərdlərimiz var idisə onların da bildiklərini bizə bildirməyə vaxt yоx idi, Rusiyanın keçirmiş olduğu o məşhur sənələrdə biz bir təlatümə düçar olan gəmiyə bənzəyirdik ki, haraya gedəcəyini və sahili — nicati nə tərəfdə gördüyünü bilmiyordu. Hər halda bir tərəfə olsa da sükan saxlamaq lazım gəliyordu. Biz də bizimlə bərabər təhlükəyə tutulmuş olan digər millətlərin gəmiçilərinə baxdıq, yolumuzu onların getdiyi səmtə düzəltdik. Bittəb, əlimiz sükanda titrəyir və ürəklərimiz məchul bir aqibət qabağında çarpınıyor idi. Əvət, tufana tutulan bir gəmi üçün hədəfsizlik nə qədər mühlik isə, tarixi saatlarda bulunan bir millət üçün də əməlsizlik o qədər mühlikdir. O zamandan bu vaxta qədər az ömür keçməmişdir. Müharibələr mütənasibətilə həddi-rüşdə yetişdiyini isbat edən Rusiya təkrar bir əmri-vaqe qarşısında bulunursa, titrəməz bir ələ malikmiyiz ki, milliyyət gəmimizin sükanını bərk-bərk tutub da məqsəd tərəfə yоl aparsın? Burası cayi-sual. Məncə gəmiçilikdə məmul olan asimanşünaslığa aşina olmayıb da gedəcəyiz. Yolun yıldızını tanımadığımızca əli titrəməz sükançını da bulamayacağız. Məqsədimizi nişan verən o parlaq yıldızı daha kəşf edə bilmədik. Kəşfini axtaranlar bəlkə də vardır. Fəqət, daha budur kəşf olundu — deyə meydana çıxanlar görülmədi, yаxud görülmüşsə də gördüklərini ümumiyyətləşdirə bilməmişlərdir. Bu yıldızı nə cürə kəşf etmək olar? İştə hamımızın üstündə düşünməsi lazım olan bir məsələ! Bu vaxta qədər elədiyimiz xətadan, artıq ayrılma zamanı gəlmişdir. Nədir o xəta? Biz bu vaxta qədər bütün ümumi və milli işlərdə ancaq zahirə baxmış və qalibi təqlid etməyə çalışmışıq. Bunda bir dərəcəyə qədər müvəffəq də olmuşuq. Yabançı birisi, məsələn, Bakıya gəlsə və türkcə bilməyib də yalnız zahirimizlə haqqımızda bir fikir edinmək istəsə, onu alıb bir kərə Nikolayevski küçə ilə keçirsəniz: Buradakı milli olmaq üzrə yapılan ali imarətləri göstərərsiniz, sonra kitab mağazalarına aparıb, caməkanları dolduran bir çox əsərləri ona nişan verirsiniz. Şübhəsiz ki, bu qərib səyyah Bakı türklərinin olduqca mütəməddin və əməlpərvər bir millət olduğuna hökm edər, gedər. Fəqət həqiqətən də böyləmidir? Yuxarıdan bəri söylədiklərimiz iştə böylə olmadığını isbat ediyor. Xətamızı da burada aramalıyız. Məncə, bunu başqa yanda aramağa lüzum da yоx. Digərlərincə bilmiyorum, məncə bu olduqca vazeh və aşkardır. Bizdə işlərimizin ruh və mənəviyyatına aid olmaq üzrə böyük bir boşluq var: Əməl (ideal) boşluğu, bu boşluq hər tərəfdən hiss olunuyor. Bunun mürəvvici olmaq məcburiyyətində olan mətbuat demək olar ki, hamıdan ziyadə idealsızdır. Böylə olunca, nəzərə gəliyor ki, ibtidai-əmrdə mətbuatdan başlamalı, mətbuata bir ideal, bir məslək verməli. Fəqət bunu nə cür etməli? Bu xüsusda az-çox doğru bir fikir edilə bilmək üçün mətbuat və ədəbiyyatın mahiyyətcə necə bir şey olduğunu bilmək lazım gəlməzmi? Mətbuat və ədəbiyyatı mühitin, başqa bir təbirlə, millətin həyat və heysiyyətini inikas etdirən bir ayinə təsəvvür edərsək, şübhəsiz böylədir, ondan nöqsanlarını islah üçün əsasi bir vasitəyə müraciət olunmalıdır. Məlumdur ki, mağazaların caməkanlarını dolduran yazılar əksəriyyətlə cavanlarımızın qələmindən çıxıyor. Cavanlar içlərində bəzi xudpəsəndləri olmaqla bərabər — çox kərə də səmimiyyət və hüsniyyətlə qələmə sarılıyorlar. Arzu olunan nəticəni verə bilmiyorlarsa, qüsur özlərində deyil, mühitimizin əməl nöqteyi-nəzərindən boşluğundadır. Böyük əməllərə malik olmayan yazıçıdan, əmin olunuz ki, fövqəladə və müasir bir əsər gözləmək xatadır. Binaən əleyh böyük əməllər nəşrinə xidmət edəlim ki, bütün nöqsanlarımızı ancaq bu islah edə biləcək. Ancaq budur ki, işlərimizə bir ruh verəcək, diriliyimizə milli bir dirilik bəxş edəcəkdir. Digər bir nəzərə görə də həqiqi ədəbiyyat ancaq o ədəbiyyatdır ki, mühitin ehtiyacına cavab versin və millətin həyatını və həyatı yaralarını, necə ki, lazımdır, təsvir eləsin. Şübhəsiz ki, bu nöqteyi-nəzər səhihdir, binaən əleyh istədiyimiz bir ədəbiyyatı vücuda gətirmək, hüsulunu arzu etdiyimiz fikir və məslək cərəyanını doğura bilmək üçün hər şeydən əvvəl milli ehtiyaclarımızı öyrənib də öyrətməliyiz. Ehtiyaclarımız lüzumu dərəcəsində anlaşıldımı, sonra çarəsini düşünmək və bu düşüncə əsasında da diriliyimizin müncisi ola biləcək böyük əməli tapmaq müşkül bir iş deyildir. “Dirilik” N5, 16 noyabr 1914 MİLLİ DİRİLİK - V - Milliyyətin ümdə rüknünü təşkil edən şey dildir. Dil adətən hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilərdə əsil bunun üçündür ki, təmsil (assimilyasyon) əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər. Qədim zamanlardakı insanlar daha mübtədi bir halda idilər. Din daha qüvvətli bir ictimai amil ədd olunurdu. Hakim millətləri özləri kimi etmək üçün dini tədbirlərə təvəssül ediyorlar və əlləri altındakı millətlərin etiqadına ilişiyorlardı. Halbuki, dildə daha mühüm bir qüvvəti-ictimai olduğunu dərk edən avropalılar bunun əksinə hərəkət etdilər. Dincə heç bir təzyiqdə bulunmayıb və yəqin ki, bu xüsusda şədid tədbirlər ittixaz eləməyib, bütün hümmətlərini ziri-hakimiyyətlərinə aldıqları millətləri milliyyətcə məhv etməyə qoyuldular. Bunu üçün də məzkur millətlərin dillərindən başlandı. Milli məktəblər təzyiq edildi, ana dili təhdid olundu. İştə yalnız burası nəzəri-etinaya alınmış olsa, millətlər dəxi təcdid etmək istədikdə və milliyyətcə mənlik hasil eləmək fikrinə düşdükdə, təbiidir ki, hər şeydən əvvəl dillərindən başlamalıdırlar. Çünki dil bir nöqteyi-nəzərdən haman millət deməkdir. Buna hər kəsdən ziyadə biz türklər əhəmiyyət verməliyiz. Türklər xasiyyətcə olduqca mütədəyyin bir millətdirlər. Bu tədəyünləri sayəsində islamiyyəti qəbul etdikdən sonra o qədər etiqadati-diniyyəyə mərbut olmuşlardır ki, adətən türklüklərini belə itirmişlərdir. Zatən islam özünə mömin olan müxtəlif millətlərdən bir millət vücuda gətirəcək qədər qüvveyi-təmsiliyyə olduğuna etiqad edənlər vardır. Hətta böyük bir türk hökuməti təsis edən osmanlılar belə bu axır zamanlara qədər özlərinin bir türk hökuməti olduğuna qənaət etmək istəməyib, kəndilərinə “islam hökuməti” demişlər. Türklərdəki bu məhviyyət və təmsilə ədəmi-müqavimət xüsusiyyəti türkləri haman türklər bulunan ölkələrin hər tərəfində anlaşılır. Ümumi bir türkcəyi, farsi və ərəbi nüfuzdan mübərra saf bir türkcəyə malik olmaqdan məhrum qılmışdır. Milliyyət və mədəniyyətimizin xüsusiyyət və təmamiyyətini təmin edəcək olan birinci əsas təəccüb deyilmidir ki, istiqlal və təmamiyyətə yabançı olan təsirata hər şeydə ziyadə giriftar olmuşdur? Bu gün bilatərəddüd demək olar ki, heç bir tərəfdən müstəqil və əcnəbi dillərin nüfuzundan azad xalis bir türkcə yoxdur. İstanbuldan tutub Kaşğarə kimi hamımız, təbir caiz isə, pozuq bir dil ilə danışmaqda və daha qarışıq bir dil ilə yazmaqdayız. Bu qarışıqlıqdan qurtarıb da həqiqi bir dil istiqlalına nail ola bilmək üçün nəzəriyyələrin nə qədər müxtəlif olduğu məlumdur. Dilin əhəmiyyəti-ictimaiyyəsi haqqında bəslənən nəzəriyyələrin ixtilafı qədər, islah yolunun layihələri də o qədər müxtəlifdir. Kimsə hər şeydən əl çəkib də bütün yabançı kəlmələri tərd ilə qədim türkcəyə, uyğurcaya müraciət etmək qədər irəliyə gediyor. Kimsə ərəbcə və farsca lüğətləri türkcə istiqlalının ən qəddar düşməni ədd ediyor. Onların türki və məhəlli şivədə mövcud lüğətlərlə əvəz olunmasını tələb ediyor. Bəziləri də türkcədəki, farsi və ərəbi lüğətləri ancaq istilah üçün qəbul edib sairlərini tullamaq tərəfdarıdırlar. Zərəri yalnız əcnəbi tərkib və üslubdan görənlər də az deyildir. Türkcəmiz haqqında pərvərdə olunan bu qədər müxtəlif nəzəriyyələr ilə onların müvafiq olub-olmadığından bu məqalədə bittəfsil mübahisə etməyəcəyiz. Bu xüsusda bəlkə də başqa bir vaxt möhtərəm qarelərlə mübadileyi-əfkar edəriz. Bu qədərlik zikrimiz isə yalnız məsələyə münasibəti olduğu üçündür. Bu xüsuslarda vaqe olan münaqişə və müzakirələrin bütün türk aləmində hər daim vaqe olduğu hər kəsə məlumdur. Bu yolda ki, fikir mübadilələri göstəriyor ki, türk aləminin hər tərəfdən az-çox türklüyün rüknünü təşkil edən bu dil məsələsinin həlli əlzəm görülüyor. Bu özü də bizdə milli dirilik ilə dirilmək istədiyimizə böyük bir dəlildir. Fəqət bu xüsusda qəti qərara gələ bilmək üçün hələ bir çox elmi tədqiqatlar lazımdır. Ancaq bu tədqiqlərin nəticəsindən hasil ola biləcək elmi müqəddəmatdan sonradır ki, məsələnin həlli qəbul olacaqdır. Bu müqqəddəmatlar hazır olmadığı müddətcə həman məsələnin həllinə qalxışmaq bir az əcələ olur. Ehtimal ki, arzu olunan nəticələri hasil etməz. Məəmafih bunlar hazır oluncaya qədər ədəbiyyatımız ilə dilimiz tamam durğun bir halda qalsın təklifini də etməyiriz. Yalnız bunu söyлəmək istəyiriz ki, müqəddəmati-məsələ hazır olmayanadək məsələyə qəti bir qərar vermək mümkün olmayacaqdır. Müqəddəmat isə aşağıdakı tədbirlərdən ibarət ola bilər: Bu günə qədər bizdə bütün türk şivələrinin lüğətlərinin cəmi, həqiqi bir lüğət kitabı yoxdur. Hətta əsl türkcə olmaq mənası ilə osmanlıda belə bir lüğət kitabı yazılmamışdır. Yazılan lüğət kitabları ancaq lisani-osmanı deyilən indiki üç-dörd dildən qarışıq osmanlı türkcəsinin lüğəti olmuşdur. Avropa, rus müstəşriqləri tərəfindən bəzi kamil və naqis lüğətlər yazılmışsa da, bunlarda hələ dediymiz məsələdə hakim olacaq bir dərəcəyi-əhəmiyyətə malik deyildilər. Biz çox kərə dilsizlikdən şikayət ediyoruz, bizdə bir çox kəlmələr yoxdur — deyə, həmən ərəbcə, farsca, yаxud da rusca və yа fransızcaya müraciət ediyoruz. Halbuki, qədim uyğurcanın tədqiqi, cığatay ləhcəsinin təhlili, Kazan və Orenburq tatarlarının şivəsi deyil, evimizdə arvadlarımız arasında, kəndlərdə xalq miyanındaki dilə müraciət etsək, bu kəlmələrin müqabillərindən bir çoxunu bularız. Keçənlərdə “panika” sözünün gözəlcə bir tərcüməsini mən evimizdə oturub, ailəmizlə söhbət elədiyim əsanda kəşf etdim. Məgərsə, “panika”-”çaxnaq” imiş. Bu qədər qəşəng, az-çox mənus bir kəlmə durduğu halda, biz bu kəlməni bu vaxta qədər həmən həyəcan, vəlvələ, təşviş, xəlcan, bilməm nə kimi kəlmələrlə tərcümə edərək gəlmişik ki, mənanı da ifadə edə bilməmişlərdir. İştə cavanlarımız üçün mövcud maraq eyni zamanda da olduqca faydalı bir məşğələ, hər kəs bulunduğu yerdəki lüğətləri, zürub-əmsalı və sair xalq ədəbiyyatına aid olan parçaları eynilən toplayacaq olarsa, görərsiniz ki, həmən arzu olunan türk lüğəti vücuda gəldi. Hər şivənin lüğəti yazıldıqdan sonra bittəb orta və ümumi bir türkcə lüğəti yazmaq da asan olacaq və böylə böyük bir lüğət vücuda gəldikdən sonra “təsfiyeyi-lisan” — deyə məşhur olan dil təmizləmək məsələsi də imkan daxilinə girə biləcəkdir. Darülfünunlarda oxumaqda olub da, millətlərinə az-çox bir xidmət etmək istəyən cavanlarımız iştə buyursunlar tətil zamanı məmləkətlərinə gəldikdə xalq arasına girsinlər, xalqın ehtiyaclarını öyrənib ona çarələr axtardıqları kimi milli dilimizin ehtiyaclarına da onlardan dərman arasınlar. Bilməlidir ki, bir dil süni bir yolla xəlq oluna bilməz. Dil təbii bir məxluqdur. Onun xəllaqı isə üdəba və mühərrirlər olmayıb, xalq özüdür. Bir şair ilə bir ədibin ərəb və yа fars qamuslarını vərəqləyib də xoşuna gəldiyi bir sözü həmən mətbuata atmaqla dil islah deyil, xarab olar, pozular, indiki türkcənin halına düşər. Halbuki, xalq arasından götürülən lüğətlər yonulub da ədəbi bir şəkil alsa, o zaman ədəbiyyat milliləşər və ancaq o zamandır ki, ədəbiyyatdan gözlənilən faydanı türk millətləri də ala bilərlər. Milli dilin dirildiyi üçün lüğətləri yığmaqdan başqa xalq ədəbiyyatını toplamaq, camaat arasında olan hekayələri, əfsanələri cəm edib, elmi bir surətdə təhlil və təsnif etmək də lazımdır. Bunlar ədəbiyyatı xalqa yaxınlaşdırmaq üçün lazımlı şeylərdir. Çünki müəyyən bir ədibin öz biliyini daxil edib də şəxsi hisslərlə deyil, xalq kütləsi tərəfindən ümumi bir vicdan və hiss nəticəsi olan bu əsərlərdə xalq və millətin rühi-əslisi həmən təzahür etməkdə və o millətin nə kimi bir ruh və hissə malik olduğu və nə kimi xüsuslarının möhtaci-islah və tərbiyə olduğu rəna bir sürətdə görünməkdədir. Köhnə ədiblərlə ədəbiyyatın tarixini yazmaq, bir türk tarix ədəbiyyatı vücuda gətirmək dəxi bu nöqteyi-nəzərdən olduqca müfid və lazımdır. Bu xüsusları nəzərə alaraq çox yaxşı olardı ki, şəhərimizdə mövcud olan maarif cəmiyyətlərindən bu xüsuslara əhəmiyyət verib də bu cəhətləri təşviq edən olaydı. Təşviqin nə kimi vasitələrə malik olduğu məlumdur. Bunlardan ən müəssiri isə, bizcə maddi bir fayda təmin edən müsabiqələr ola bilər. Fəqət bu kimi milli işlərdə ən böyük saiq xalqı sevmək və milliyyətinə dəli bir aşiq qədər mərbut olmaqdır. Ey millətin istiqbalını təmin edəcək türk gəncliyi, hardasan?! “Dirilik” N 6, 1 dekabr 1914 *** AZƏRBAYCAN DAVASI 28 Mayıs 1918 Milli Azərbaycan hərəkatının ən böyük günüdür. Bundan 34 il öncə, Milli Şura tərəfindən Azərbaycanın istiqlalı elan olunmuşdu; bu tarixdə Türk və Müsəlman aləmində, ilk dəfə, milli Xalq hakimiyyətinə dayanan bir cümhuriyyət qurulmuşdur. Yüz il öncə, ayrı ayrı, 9 xanlıq halında Çarlığın hakimiyyəti altına düşən Azərbaycan, Birinci Dünya Hərbi nəticəsində çökən Rusiya İmperatorluğunun ənqazı (xaraba viranə) altından siyasi bir bütün, bir millət, bir dövlət olaraq qalxdı. 12 Ocaq (yanvar) 1920-də Böyük Dövlətlər tərəfindən istiqla¬lının tanınması üzərinə, Azərbaycanın davası millətlər arası bir məsələ halına gəldi. Azərbaycan cümhuriyyəti sadəcə dünya ensiklopediyaları ilə Birinci Dünya Hərbindən bəri dürlü lisanlarda basılan kitab, xəritə və atlaslarda qeyd edilməklə qalmayıb, eyni zamanda böyük-kiçik, uzaq-yaxın ilgili bütün dövlətlərin arxivlərində Azərbaycan davasına aid dosyalar (sənədlər toplusu) vardır. Siyasi "Garte du visite”i 1918-də dünyaya təqdim olunan Azərbaycan hərəkatının ömrü sadəcə 36 il deyildir, əlbəttə! Azərbaycan Türk xalqının tarixi gəlişmə seyrində 28 Mayıs 1918, siyasi bir olqunluğunun mühüm bir mərhələsidir. Aləmşümul kültür dəyərlərinə və dürlü çaqlarda yaşanmış siyasi istiqlal və hakimiyyət xatirələrinə malik bulunan Azərbaycanın tarixi bilhassə Yaxın Doğu İslam şərtləri daxilində gəlişmişdir. Son yüz il içində bu gəlişmə Qafqasya müqəddəratı ilə ilgili olaraq müəyyən özəlliklər ərzetmişdir. Cümhuriyyətin qurulmasına təqəddüm (irəliləmək) edən dövrdə Azərbaycan topluluğunda əsaslı üç fikir cərəyanı təbəllür (saflaşma, durulaşma) etmiş bulunurdu. Bunlardan biri, dini düşünüş gərəyincə, milliyyət fikrinə xor baxan İslami ittihatçılıqdı. Buna müqabil, yenə milliyyət ayrılığını rədd edən kosmopolit bir fikir cərəyanı - sosializm vardı. Biri sağçı, digəri solçu bu hər iki kosmopolit cərəyana Azərbaycan çərçivəsi daxilində qalmaq çox dar gəlirdi. Azərbaycan məfhumu onları təmin etmirdi. Onlar üçün ya "Rusiyada Müsəlmanlıq" ya da "Rusiyada Sosializm" vardı. Milli olmayan bu cərəyanların arasında milli Azərbaycan milliyyətçiliyi mərkəzi bir mövqedə bulunurdu. Tarix və kültür anlayışında Türkçü olan bu milliyyətçi zümrə, siyasi alanda Azərbaycan muxtariyyət və istiqlalını hədəf tuturdu. Azərbaycan Türk özəlliyinin formulunu verən və Rusiya hakimiyyətindəki Türk elləri üçün milli-məhəlli muxtariyyətlər halında öz müqəddəratlarını müstəqilən idarə etmə tələbini irəli sürən canlı bütün qüvvətlər. Azərbaycanda "Müsavat" Xalq Firqəsi ətrafında birləşmiş bulunurlardı. 1911 ilindən bəri gizli fəaliyyətdə bulunub, Rusiyada partlayan inqilab üzərinə, 1917də təşəkkül edən "Türk Ədəmi Mərkəziyyət Firqəsi" ilə birləşən "Müsavat" partiyasının Bakıda toplanan ilk konqresi sadəcə Azərbaycan tarixində deyil, Rusiya məhkumu bütün Türk ellərinin yaxın tarixində də mühüm bir hadisə olmuşdu. Qəbul etdiyi proqramda Azərbaycan muxtariyyətini cəsarət və sərahətlə (səhihliyi, aydınlığı) təsbit edən bu firqə, o gündən etibarən, Gürcülərdə Menşevik, Ermənilərdə Daşnak partiyaları kimi, Mavərayi Qafqasya həyatında Azərbaycan Türklüyünü təmsil edən üçüncü bir qüvvət halına gəlmişdi. Daşnak, Menşevik, Müsavat isimləri dost, düşmən bütün dillərdə dastandı. Bu üç ismi təsrif (istədiyi kimi dəyişmə) etmədiyi Bolşeviklər bilhassə sevərlər. Gərək düşmən, gərəksə Azərbaycandan əlaqə ilə bəhsedən dostlar üçün "Müsavatizm" Azərbaycan patriotizminin bir müradifidir (bir-birinin ardınca gələn). 1917 ilinin Aprelində Bakıda toplanan "Qafqasya Müsəlmanları Qurultayı" ilə eyni ilin Mayısında bütün Rusiya Müsəlmanlarının Moskvada toplanan qurultayında bu tezisi müdafiə edənlər "Müsavat" firqəsinə mənsubdu. Rusiya Qurucular Məclisinə yapılan seçim əsnasında bu seçimdə iştirak edən Azərbaycan partiyalarından yalnız "Müsavat" firqəsinin bəyannaməsində Azərbaycan muxtariyyətindən bəhs edilirdi. Sonra, 1918 Mavərayi Qafqasya Seymində eyni Azərbaycan tezisini yalnız "Müsavat" firqəsi ilə "Tərəfsizlər Bloku" namına oxunan açıqlamada bulunuruz. Seymin dağılması üzərinə, Azərbaycan cümhuriyyətinin istiqlalını elan edən Şurayi Millidə bütün partilərin artıq istiqlalçı olduqlarını görürüz. Azərbaycan davasının yaxın tarixində müəssir (təsir edən, iz buraxan) bir rol oynayan fikir cərəyanları ilə müəssəsələrinin tarixi məsnədləri (dayaqları) bunlardır. "Davamız"ın yaxın tarixindən bəhs açanların hər şeydən əvvəl, bu obyektiv hadisə və vaqelər (olan, baş verən) üzərində durmaları lazım gəlir. Böylə yapılırsa dava tarixi əsaslara, fikirlərə və fikir müəssəsələrinə bağlanmış olur. Milli böyük bir davanı şəxslərə bağlamaq və onu parlament və ya hökumətdə bulunmuş olan bir düzinə (xeyli) münfərid (tək, təkbaşına) insanların vərəsəlik malı kimi əddetmək (aid etmək) çox xətalı bir anlayışdır. Şurayi Millidən də, parlamentodan da öncə Azərbaycan muxtariyyət və istiqlal fikrini təəzzüv (üzv olma) etdirən və bunu sağdan-soldan gələn bütün müxalifətə qarşı savunan (müdafiə olunan) bir müəssəsənin varlığını inkar və ya ihmal (bigənə) etmək milli davaya zərərdən başqa bir şey verməz. "Davamızı" fikir müəssəsələrinə deyil münfərid (tək, təkbaşına) şəhislərə bağlayanlar, mənsub olduqları millətin inkişaf etməmiş ibtidai bir cəmiyyət olduğunu bəlirtmiş (müəyyənləşmiş) olduqlarının fərqində olmayanlardır. "Davamız"ın yaxın tarixini, tariximizdəki fikir müəssəsələrindən təcrid edərək izaha qalxışanlar, bilərək və ya bilməyərək, tarixi təhrif edənlərin ta özləridir. Tarixdə fikirlərin əhəmiyyəti var da şəxslərin heç bir dəyəri yoxmudur? Əlbəttə vardır. Fəqət, bu dəyər şəxslərin fikirlərə sədaqətləri və fikir müəssəsələrinə bağlılıqları nisbətindədir. Bu sədaqət və bağlılığın şəkil və dərəcəsi ancaq, bir şəxsi bir şəxsiyyət mərtəbəsinə ulaşdırır (çatdırır). Tarixdə dəyər və əhəmiyyət kəsb edən şəxslər, işdə, müəyyən fikir cərəyanlarına və müəssəsələrinə bağlanan, onlara simvol olan şəxsiyyətdir. "Davamız"ı anladırkən onu hali hazırda yalnız "üç kişi"nin baqi (daimi, əbədi) qaldığı bir listəyə bağlamaq və bu yaşayanları o ölənlərin siyasi biricik (vahidlik) varisi kimi görmək salim (sağlam) bir düşüncənin əsəri sayılamaz, təbii!.. Davamız, Azərbaycan davasıdır; bu, tarixi və milli bir davadır. Yuxarıda qeyd etdiyimiz kimi, bu davanın tarixi fikir müəssəsələri və onları qanlarıyla və canlarıyla təqdis etmiş qəhrəmanları vardır. Bu qəhrəmanlar, sadəcə Milli Şura, Parlament və ya hökumətə mənsub olan şəxslərə inhisar etməz. İçlərində milli ideala, Azərbaycan fikrinə, yəni "Davamıza" ihanət (xəyanət) etmiş olanların da, maələsəf (təəssüflər ki), bulunduğu bu təşəkküllər dışında, şairimizin "Buzlu Cəhənnəm" dediyi sürgün yerlərində şəhadət camını içən, Xəzərin qanlı sularında ayaqlarına daşlar bağlanaraq boğdurulan neçə qurbanlarımız, şəhidlərimiz vardır. Sadəcə hökumət və ya parlament üzvü olmaq, insana özəl bir imtiyaz və şərəf verməz. Əsil imtiyaz, əsil şərəf ideyaya sədaqətdə və ona hüsnüniyyət və səmimiyyətlə bağlı qalmaqdadır. Parlament və hökumət dışında Firidun Köçərlilər, Piri Mürsəlzadələr, İslam Qabulzadələr, Mirzə Abbaslar, Müəllimə Vəsilə Xanımlar, Qasımzadə Qasım Bəylər, Rəfibəyli Xudadad Bəylər, Şair Hüseyn Cavid ilə Əhməd Cavadlar; gənc öyrənci və zabitlərdən Ağa Kərim Əlizadə, Ağa Səlim Rəhimzadə, Salman Rəhimzadə, İbrahim Axundzadə, Dr. Dadaş Həsənzadə və sairləri kimi namü nişanı zikredilməyən daha neçə qurbanlarımız və şəhidlərimiz vardır. Azərbaycan cəlladı Bağırovun bir raporunda qeyd olunduğu kimi 52-dən ziyadə qanlı xalq üsyanlarında fədakaranə ölən minlərcə igid partizanlarımızı da unutmuyalım. Gənc ordumuzun şəhid komandanları Həmid Qaytabaşıları, Süleyman Paşa Sulkeviçləri, Dilhas Murad Gərayları, İbrahim Ağaları, Səlimov Həbib Bəyləri və bir çox digərlərini də zikredəlim. İsimləri və xatirələri hamımıza əziz olan Fətəli Xan, Nəsib Bəy, Həsən Bəy, Səməd Paşa, Əbuzər Bəy, Məhmət Bağır Bəy, Müseyyib Bəy, Murtuza Bəy, Rahim Bəy və sairə kimi keçmiş və milli iradəyə ihanət (xəyanət) etmiş Qarayevlər, Qarabəyovlar kimi bədbaxtlar da, maaləsəf, Parlamentoda üzv olmuşlardır. Ümumi bir xülasə yapılırkən, ana fikir müəssəsələrindən və bunları təmsil edən şəxslərdən bəhs etmək qaçınılmaz bir zərurətdir. Tarixdə isimlərini fikir müəssəsələriylə(quran, meydana gətirən) sımsıxı bağlamış şəxsiyyətlər vardır. Bunlardan bəhs etmək qədər təbii və normal bir şey ola bilməz. Bu bütün fəaliyyətləri bir tək şəxsə ətfetmək (istinad etmək) demək deyildir, əlbəttə!.. Davanı əsas fikir sistem və müəssəsələrindən ayıraraq, avtomatik surətdə, müəyyən dövrdə, rəsmi hərhanki bir sifət və ya ünvan daşımış insanlara ancaq bağlarsaq, fani olan bu fərdlərin meydandan qalxmasıyla dava da bitmiş olur. Halbuki, Azərbaycan davası belə üç - beş kişinin həyatilə ölçüləcək kiçik bir dava deyildir. Onun şühəda qanıyla təqdis (müqəddəs sayılma) edilmiş fikir müəssəsələri vardır. Bu müəssəsələr baqidir (əbədidir). Azərbaycan Parlamentosunu da hökumətini də doğuran bu fikir sistemi, qızıl istila altında bilhassə qüvvətlənmiş gənc nəslin müqavimətilə çəlikləşmiş (poladlaşmış) və mühacirətdə illərdən bəri davam edən mücadilə sayəsində sarih (açıq, aydın) formulunu bulmuşdur. Milli nəşriyyat və müəssəsələr tərəfindən bu davanın ideoloji bütün səhifələri incədən incəyə işlənmişdir. Böylə bir hərəkatın müqəddəratı, şübhəsiz ki, üç beş faninin həyatına münhəsir (həsr edilmə, məxsus olma, hüdudlaşma) qala bilməz. Ciddi bütün davalar kimi, Azərbaycan davasının da qüvvət və həyatiyəti, bu böyük fikrin, istiqlal ideolojisinin nəsildən nəslə keçməsindədir. Yeni nəsil, əski nəslin savunduğu (müdafiə etdiyi, qoruduğu) idealı mənimsər və bu ideal uğrunda çalışmış başlıca fikir müəssəsə(qurucu) və şəxsiyyətlərini idealizə edərsə bunu, dava namına, müsbət bir hadisə olaraq qəbul etməliyik. Yaxın tariximizdə davanı haqqilə təmsil edən fikir müəssəsələrini ihmal ilə sadəcə münfərid (təkbaşına) şəxslərə mal etmək, Azərbaycan toplulugunun gəlişməmiş ibtidai səviyyədə olduğunu söyləmək olur, halbuki, 1918-də istiqlalını elan edərkən, Azərbaycan Türklüyü, siyasi fikir cərəyanlarına malik olqun bir topluluqdu. Orada Rusiya əsarətindəki bütün Türk topluluqlarına örnək olacaq milli demokrasi ideolojisilə siyasi bir firqə vardı ki, Türklüyün federalist cərəyanını təmsil edirdi. O zamankı şərtlər daxildə, Türkçülüyün, "Müsavat" firqəsində təmsil olunan bu cərəyanı, hadisələrin gəlişməsiylə, Türkiyədə Atatürk Cümhuriyyətinin, əski Rusiyada isə dürlü Türk Cümhuriyyətlərinin qurulması ilə həyatiyətini isbat etmişdir. Bulundugumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası naminə birləşmək, milli davanı yaşatmış və ya yaşadan fikir sistem və müəssəsələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və mərəzi (xəstə) hisslərdən sıyrılaraq ana fikrə önəm vermək lazımdır. Yaxın keçmişi inkar və müşəxxəs (tanınmış) ideya və şəxsiyyətləri çürütmək qeyrətiylə meydana atılanlar, bilərək və ya bilməyərək, böyük davanı kiçildənlərdir. Bu xüsusda hamımızın çox titiz (son dərəcə ciddi) və diqqətli olmamız icab (zərurət, ehtiyac) edər. Bunu bilməliyik ki, "Davamız" fani üç kişinin inhisarına alınacaq qısır bir dava deyildir. O nəsildən nəslə dövredilən fikir müəssəsə və şəxsiyyətlərinə sahib vələd (övlad) bir davadır. Təcrübəli böyükləri ilə dəliqanlı gənclərini qopmaz ideal və fikir təsanüdiylə bir-birinə sımsıxı bağlayan bir dava!.. Dünkü idealist nəsil ilə bu künkü idealist nəsli bir birinə bağlayan, bundan 36 il öncə, 28 Mayıs 1918-də, istiqlal bəyannaməsini intaç (nəticə vermə, nəticələndirmə) etdirən böyük fikir hərəkatıdır. İstər ölmüş olsun, istər həyatda bulunsun, istər yaşlı olsun, istər gənc olsun, istər əski mühacir, istərsə yeni mühacir olsun bütün azərbaycanlıların bu müəzzəm (böyük əhəmiyyətli) hərəkatdakı mövqe və şərəfləri, əsas ideolojiyə göstərdikləri və göstərəcəkləri sədaqət, bağlılıq və hizmətləriylə mütənasibdir. Bütün məsələ, bu xüsusda titiz (son dərəcə ciddi) davranmaqla bərabər, mötədil bir ölçüyə malik olmaq, hadisə, müəssəsə və şəxsiyyətləri təqdirdə vətənsevərlik icabı olaraq, ədalət və insaf hissindən ayrılmamaqdır. ***
MİLLİ AZƏRBAYCAN HƏRƏKATININ XARAKTERİ İdeoloji mənşəyi etibarilə Milli Azərbaycan Hərəkatı, Şərqdəki milli qurtuluş ideyaları ilə Qərbdəki kültür və demokrasi cərəyanlarını kəndi (öz) növündə birləşdirmiş bir hərəkatdır (1) . Müslüman və Türk məmləkəti olması etibarı ilə Qafqasya Azərbaycanı nə din, nə irq, nə də kültür baxımından özü ilə qətiyyən əlaqəsi olmayan Rusiya tərəfindən, ancaq silah gücü ilə tutulmuşdur və məlum olduğu üzrə, tarixi ənənəsi Türk və İslam düşmanlığına dayanan bu dövlətə heç bir zaman isinə bilmədiyindən gərək Türkçülük və gərəksə İslamçılıq idarələri burada daima canlı inikaslar tapmışdır. Zamanın keçməsi və ictimai qüvvətlərin açılması sayəsində, cəmiyyət hərəkatına geniş xalq təbəqələrinin daha ziyadə qovuşması nisbətində, Müslüman Şərqin dikər hərhangi bir məmləkətindən daha əvvəl Azərbaycandakı milli hərəkat avropalı bir şəkil almışdır. Kəndi dairəsində Türk dünyasının ən böyük şairi Füzuli kimi ustalara malik bulunan Azərbaycan Ədəbiyyatı 19-cu əsrin başlarından etibarən müasirləşməyə başlamışdır. Böyük mücəddid Mirzə Fətəli Axundzadə, ümumi xalq lisanında yazdığı ölməz əsərləri ilə Azərbaycan Cəmiyyətinə yeni bir istiqamət vermişdir. O, şəkilcə də yeni olan - müslüman dünyasında ilk pyes yazan odur -əsərlərində 18-ci əsrin liberal məktəbindən alınmış tamamilə yeni fikirlər tərvic (rəvac vermə) etmişdir. Mirzə Fətəlidən başlayaraq, Azərbaycan Ədəbiyyatı Avropa ideyalarına alışaraq, həyat hadisələrini tədqiq və tənqid közü ilə görməyə başlamışdır. Mirzə Fətəlidən sonra liberal məktəbinə mənsub bir şairlər, mühərrirlər və dramaturqlar yetişərək, xalqı Avropa məfhumlarına alışdırmayı və ona cəmiyyətçilik ruhunu aşılamağı özlərinə qayə etmişlərdi. 1875 ilində Bakıda ilk dəfə olaraq Azərbaycan qəzetəsi təsis olunmuşdur. "Əkinçi" adını daşıyan bu qəzetə Rusiya müsəlmanları arasında çıxan ilk qəzetə idi. Mirzə Fətəlinin oyandırıcı fikirləri Zərdablı həsən Bəyin bu qəzetəsində davamlı bir surətdə müdafiə olunurdu. Mirzə Fətəli ilə "Əkinçi"dən əvvəlki müaqiblərdə (ardıcıllarda) bu oyandırıcı fikirlər müəyyən siyasi bir məqsəddən iraq olaraq, mücərrəd bir şəkildə tərvic olunduğu halda, ilk Azərbaycan qəzetəsində isə o fikirlər, artıq müəyyən siyasi bir məqsədə hizmət edirdi. Mərhum həsən bəy "Azərbaycanlılar müasir mədəniyyəti öyrənməli və Avropa elmlərini almalıdırlar, yoxsa həmişə başı qapazlı qalacaqdırlar..." deyirdi. Mirzə Fətəlinin mücərrəd yazılarına təhəmmül (səbr edən) edən Çar hökuməti, ilk siyasi qəzetənin təmayüllərinə laqeyd qalmadı. Və "Əkinçi" qapandı. 1905 sənəsinə qədər Azərbaycan cəmiyyətçiliyi təzyiqdə və Azərbaycan fikri çarlığın sıx senzoru altında qaldı. Yalnız, Mancuriyada uğradığı məğlubiyyət nəticəsində gələn ilk Rus ihtilalından sonra Azərbaycanın ictimai həyatında yeni bir dövr başladı. Gündəlik qəzetələr və digər vəqidli (vaxtlı) nəşriyyat təsis olundu. Ədəbiyyat qol-budaq ataraq çiçəkləndi; musiqi və teatro səhnəsi inkişaf etdi; mətbəələr açıldı; bir çox maarif cəmiyyətləri, siyasi qruplar və firqələr quruldu. Ayaqları altındakı zəmini möhkəm bularaq, cəmiyyət hərəkatı, bütün sərahatilə (aydınlıqı, səhihliyi) milli bir şəkil və mahiyyət aldı. İmperatorluq daxilində cərəyan edən liberal və istiqlalçı cərəyanlarla həmahəng olaraq yürüyən bu hərəkat bir tərəfdən də, bütün Rusiyadakı Müsəlmanlara məxsus olmaq üzrə, milli mədəni haqların təminini istəyirdi. Eyni zamanda bu hərəkatda, başlıca iki cərəyan gözə çarpırdı: yaş etibarı ilə daha böyük nəslə mənsub, Rusiyada ali təhsil görən əksəriyyətlə əski zadəgan siniflərindən çıxan münəvvərlər Rus liberalizmi ilə bərabər getdikləri halda, daha ziyadə milli tərbiyəni görən gənc nəsil Rusiya cəmiyyətçiliyinin radikal və inqilabçı cərəyanlarına təmayül göstərirdi. Müsəlman əleyhdarlığı ilə mütəmayiz (seçilən, fərqlənən) bulunan Rusiya İmperatorluğunun ümumi sıxıntısı altında bulunduqlarından Rusiyadakı Türk ölkələrinin siyasi fəaliyyətləri eyni istiqamətdə yürüyərək, gərək ideoloji və gərək təşkilat hesabı ilə sıxı sıxıya bağlı bulunurlardı. Rusiyadakı bu ümumi Müsəlman hərəkatında Azərbaycan cəmiyyətçiliyinin nümayəndələri bu və ya digər şəkildə müdir rolunu oynayırdı. İki tarixi hadisə Rusiya müsəlmanlarının siyasi həyatlarındakı inkişafın iki mühüm mərhələsini təsbit edir: 1905 ilində Nijni - Novqorod şəhərində toplanan Müsəlman konqresi ilə 1917 ilində Moskvada toplanan konqre. Bu iki konqredə rusiyalı Müslümanların siyasi istəkləri şəkilləşmişdir (eyniləşmişdir). Nijni-Novqorod konqresi, taktik etibarı ilə, Rus liberalizmi ilə təşriqi məsai (məsələlərin işıqlandırılması) şüarı altında gedərək siyasətin milli kültür, mədəni və hüquqi mahiyyətdə bir sıra mətləbləri iqtifa (kifayətlənmə) edirdi. Moskva konqresi isə Rusiyanın milli ərazi muxtariyyəti üzərinə parçalanması tələbində bulundu. Gərək birinci, gərəksə ikinci konqrelərdə olsun, siyasi müqəddəratın formulunu Azərbaycan müməssilləri (nümayəndələri) vermişlərdir (2) . Nijni-Novqorod konqresi zamanında əksəriyyət sadə konqresdə deyil, mahallarda və o cümlədən Azərbaycan da daxil liberallarda idi. Moskva konqresində isə liberallardan əsər belə qalmamışdı. Fəqət, buna müqabil ixtilalçı Rus demokrasisi ilə təşriki məsayi tərəfdarları vardı, bunlar da akallivetdə (əqəliyyətdə-azlıqda) qaldılar. Əksəriyyət isə imperatorluq içindəki bütün məhkum millətlərin öz torpaqları üzərində siyasətən milli bir varlıq halına gəlməsini tələb edən inqilabçı milliyyətçilər idi. Moskva konqresində qəti rol oynamış bulunan inqilabçı Azərbaycan milliyyətçiləri "Müsavat" firqəsi ilə təmsil edilmiş, ki daha 1917 ilinin Nisanında (Aprelində) Bakıda toplanan Qafqasya müsəlmanları konqresində öz proqramını elan etmiş idi. Bu proqrama görə sadə Azərbaycanın deyil, Rusiyaya daxil digər Türk ellərinin də birər siyasi təşəkkül halına gəlmələri zərurəti elan olunmuşdu. "Müsavat" firqəsinə çalışanlar, ilk Rus inqilabı əsnasında, böyük nəslə rəğmən Rusiya cəmiyyətçiliyinin ixtilalçı cinahına meyl edən gənc nəsil içindən çıxanlardan ibarətdi. Çarizmə qarşı mücadilədə ixtilalçı sosializmi, onlar, ən sadiq olmasa da, ən münasib bir müttəfiq olaraq görüyorlardı. Məmləkətlərini istila və istismar edən Rusiyaya qarşı bəslədikləri kinlə, onlar, pozğunçu hərəkətləri daha irəli gedən ifratçı firqələrin taktikasını bittabi (dözümsüz, qüvvətsiz) daha makul (məqbul) bulur, daha qolaylıqla qəbul ediyorlardı. Əsriləşmiş Türkçülük və İslamçılıq tradisionlarını mühafizə edən milli ideolojinin, xalqçı sosialist növündən ictimai bir proqramın və Azərbaycan ilə bütün Qafqasyanın Rusiyadan ayrılması mənasında anlaşılan inqilabçı bir taktikanın təlifindən (yazılmış, tərtib olunmuş) ibarət bulunan Müsavatçılıq, qısa bir zamanda, Azərbaycan Xalqı arasında geniş bir etibarə malik oldu. Rusiya məclisi müəssəsan seçkilərində, Mavərayı Kafkasya Seymində, Azərbaycan məbusanında və hətta Bakı əmələ Şurasında "Müsavat" firqəsi və özü ilə bərabər gedən müstəqil qrup daima əksəriyyət təşkil etmişdir. Bu andan etibarən "Müsavatçılıq" Azərbaycan milliyyətçiliyinin mütəradifi (bir-birinin ardınca gələn) olmuşdur. Milli Azərbaycan Ədəbiyyatı tərəfindən, tərvic (rəvac vermə), siyasi və ictimai, bir çox Təşəkküllər tərəfindən müdafiə və nəhayət siyasi və formulunu "Müsavat" firqəsinin proqramında bulan Azərbaycanın milli dövlət halında öz müqəddəratına sahib bulunması fikri, bütün xalqın ümumi istəyi halına gələrək, təhəqqüq (həqiqi olduğu meydana çıxma) etmişdir. Milli idarəyə tovfiqən (uyğunlaşdırma, müvafiq etmə) Azərbaycan Şurayi Millisi, 1918 ilinin 28 Mayısında Azərbaycan Cümhuriyyətinin istiqlalını elan eyləmişdir. -------------------------------------------------------- 1. Bu məqalə müəllifin ingiliscə olaraq basılmaqda olan "Azərbaycan" adlı əsərindən eynən iqtibas edilmişdir. 2. İlk Konqresdə Rusiya Duması Müsəlman Fraksiyonun Rəisi A.M.Topçubaşı, ikinci konqresdə isə A.T.F. "Müsavat" Xalq Firqəsi Rəisi M. E. Rəsulzadə bəylərin təqrirləri eynən qəbul edilmişdir. *** .. MİRZƏ FƏTƏLİ AXUNDZADƏ Bundan 77 il öncə, 28 Şubat (fevral) 1878-də, Mirzə Fətəli Axundzadə vəfat etmişdir (1). Axundzadə Azərbaycan ədəbiyyatında hürr düşünmə tərzinin ən böyük bir müməssilidir. Bu günə qədər belə Azərbaycan səhnələrindən düşməyən və mədəni dünyanın bütün dillərinə çevrilmiş bulunan komediyalarında və fəlsəfi-publisistik əsərlərində, Mirzə Fətəli Müslüman dünyasının ictimai və siyasi bütün sahələrində radikal islahata lüzum olduğunu müdafiə ediyordu. Hərarətli bir vətənsevər sifətilə, Mirzənin qəlbi, məmləkətinin geriliyinə acıyordu. Dünya mədəniyyətini bir bütün olaraq tərəqqi edən o, Müslüman millətlərin çağdaş Batı Avropa tərəqqi karvanına qatılmaları yolunu arıyordu. Hürriyyət fikri, insanlıq şərəf və heysiyyəti, düşünüş sərbəstisi və hər türlü istibdad təzyiqindən qurtulma əzmi Mirzənin yaradıcılığında əsas motivi təşkil edirdi. Bu hürriyyətləri imha (məhv etmə) və təhdid edən siyasi, ictimai və dini hər növü müəssəsələr, onun, böyük bir məharət və sənətkarlıqla yazılan əsərlərində amansızca xırpılanıyordu. O, on səkkizinci yüz il batısının aydınladıcı fikirlərinin Doğuda bir təmsilçisi idi. Sözün, yazının, dini və fəlsəfi düşünüşün hürriyyət və sərbəstisini savunan (qoruyan) Mirzə Fətəli, qadın-kişi hər iki cinsin, həyatın hər sahəsində, eşit haklara malik olmasını istiyordu. Kişilər də, qadınlar da, onun anlayışına görə, eyni dərəcədə oxur-yazar olur, eyni təhsili görməlidirlər. Elm, yanlış anlaşılmış dinçiliyin məngənəsindən qurtulmalıdır. Dövlət istibdadının da, ölçülü ədalət qanunlarıyla mülayimləşməsini, bütün hərarətiylə tələb ediyordu. Fəlsəfi-publistik əsərlərindən, məşhur "Kəmalüd Dövlənin Cəmalüd Dövlə ilə məktublaşmalarının bir yerində eynilə bu sətirləri oxuyuruq: "... əslinə baxılırsa, iş millətimizin dinsiz və Allahsız olmasında deyildir. İstənilən şey yalnız, indiki dövrün və mədəniyyətin icablarını nəzərdə bulunduraraq, İslamiyyətin islahı, həm də əsaslı bir islahıdır. Bu islah tərəqqinin və mədəniyyətin ruhuna uyğun, insanların hürr və bütün haqq və vəzifələrində tamamilə eşit (bərabər) olmaları əsasına dayanmalı, siyasi müəssəsələrinin tədbirli bir şəkildə islahı surətilə Doğu istibdadı tədil (dəyişdirmə) olunmalı, Müslüman qadınlarla kişilər üçün ümumi və məcburi təhsil saxlayan bir dövlət rejimi qurulmalıdır". Belə bir rejimin qüvvədən felə keçirilə bilməsi üçün, Mirzə Fətəli, özəl bir qeyrət və əzmlə ərəb hərflərinin latın hərflərinə təbdili (əvəzetmə, dəyişdirmə) surətiylə yazımızın islahı xüsusunda təşəbbüsə keçmiş; İstanbula getmiş, Tehrana müraciət etmişdir. Başqalarının haqqını qəsb və tarixi həqiqətləri təhrif etməkdə eşsiz (misilsiz) və rəqibsiz olan bolşeviklər, yağmaçılara xas bir küstahlıqla (həyasızlıq), Mirzə Fətəlini də mənimsəməkdən çəkinmədilər. Hər hanki baxımdan təhlil edilirsə edilsin, ta iliklərinə qədər inanmış bir liberal olan Mirzə Fətəlini, liberalizmin "burjua hürriyyətçiliyi" deyə təzyif (təqdim edən) edən bolşeviklərə dost bir insan, deyə göstərmək füzulluqu, ancaq, hürr fikir və kəlam sahiblərinin qafaları patlatılan, mətbuatı inhisar altında bulunduran kommunist diktatorluğunda təsəvvür edilə bilir. Mirzə Fətəli "Şərq istibdadı"nın yumşaldılmasını istiyordu. Halbuki, bolşeviklərin qurduqları diktatorluq rejimi ən geniş fantaziləri belə göl-gədə buraxan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir. Bu, tarixdə eşinə (misilsiz, tayı-bərabəri olmayan) rastlanmayan bir zülm və mütləqiyyət rejimidir. Mirzə Fətəli, Batı Avropa mədəniyyətini idealizə ediyordu. Sovetlər isə, burjua vəsfini verdikləri bu mədəniyyətə arxalarını çevirmiş, ona amansız bir hərb elan etmişlərdir. Avropa mədəniyyətinə intibah etmək niyyətilə Azərbaycan ilə Türkiyə latın hərflərini tətbiqə başladıqları bir sırada, Sovet Azərbaycanı və onunla birlikdə Sovetlər Birliyindəki bütün digər Türk Cümhuriyyətləri kommunistlərin təzyiqiylə, rus əlifbasına keçdilər. Bu hal əsla, nə Axundzadənin xəyalına sığardı, nə də onun Avropalaşma sisteminə uyardı. Bu tədbir ancaq və ancaq Sovetlərin yürütdükləri kültür politikasıyla tam bir ahəng təşkil edir ki, indiki halda bu politika "Sovyet Nasyonalizmi" adı altında formulə edilən bir sistem şəklinə qonmaqdadır. Rus millətinə "ağa-bəyi" rolunu ayıran bu sistemdə, gözlərini insanlıq kültürünə doğru çevirən hər hərəkət "İrticai bir kosmopolitizm" töhmətiylə təlim olunmaqdadır. Kommunizmin ana fikri olaraq tərvic olunan Allahsızlıqdan bəhs edərkən, bolşeviklər, çox dəfə Mirzə Fətəlinin adını anıyorlar. Onun ateistliyindən bəhs açarlar. Bu, bir iftiradır. Bu yalana əsla inanmayınız. Mirzə Fətəli, yuxarıda söyləmiş olduğumuz kimi, Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mücadilə etmiyordu. Onun mücadilə etdiyi şey, iman və düşüncəyə müsəlləd (canı ilə bağlı) olan isxolastik təfəkkür tərzi idi. Bu növü düşünüş tərzi indi bütün abusluğuyla (totallığı ilə) Sovetlərdə hakimdir. O Sovyetlərdə ki, kommunizm xaricində kimsəyə özəl bir dünya görüşünə sahib olmaq haqqı tanınmamaqdadır. Sovyetlər dövlətinin tərvic etdiyi (rəvac verdiyi) rəsmi əqidə, bütün Sovyet vətəndaşları, daha doğrusu bolşevik kölələri üçün məcburi bir mahiyyət daşımaqdadır. Əksini düşünənlərin yeri, edam edilmədilərsə, ya həbs, ya da toplama kamplarıdır (sürgün düşərgələridir). Əziz Azərbaycanlılar, bir daha təkrar ediyoruz: bolşevik ajanlarının, Sovyet ədəbiyyatçı və sözdə tənqidçilərinin nəqarətlarına əsla inanmayınız! Söz hürriyyətinin, mətbuat sərbəstliyinin, inanış, din və düşünmə istiqlalının, liberal dövlət üsuli-idarəsinin böyük mücahid; şəkilcə də, muhtəvaca (məzmunca) da milli və müasir Azərbaycan ədəbiyyatının qurucusu və latın əslindən gələn yeni Türk əlifbasının qəbulu üçün savaşan böyük islahatçı Mirzə Fətəlinin, bu unudulmaz hürriyyət qəhrəmanının, təqdis etdiyi bütün əsasları kökündən rədd edən kommunizmə və bu doktrinin təmsilçiləri bulunan bolşeviklərə dost olması qətiyyən təsəvvür olunamaz!.. ------------------------------------------------------------ 1. Məqalənin Azərbaycan Türkcəsilə yazılan əsl mətni Münhen "Qurtuluş Radiosu"nda yayınlanmışdır. *** .. "AMERİKANIN SƏSİ" RADİOSU İLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTLƏR 1953-CÜ İLİN 28 MAYINDA AZƏRBAYCANA XİTAB Əziz Vətəndaşlarım! Amerikanın Səsi Radiosunun verdiyi imkanlardan istifadə edərək bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 Mayısda Sizlərə xitab edirəm. 100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə mədana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyaset sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsrin başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 il qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad Xanın 1904-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır. 28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda, o zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. Hər millət öz müqəddəratını özü hall etməyə səlahiyyətdardır, düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. Istiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mənedilən (qadağan edilən) Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında Dövlət idarəsinə yaxın buraxılmayan Azərbaycanlılardan zabita və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı az zamanda oxutmaya başladı. Türkcəyi dövlətin dövlətin rəsmi dili elan etdi. Orta və Ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində, xalq nümayəndələri cavabdeh bir hökumət üsulu idarəsi yaratdı. Hakimiyyət, Millət Məclisinin əlində idi. Parlamentodan etimad almadıqca heç bir Hökumət iş başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı. O zaman indi Sovet zamanında olduğu kimi terror deyilən şeydən heç bir əsər yoxdu. Şahıslarda, məskənlərdə əmin və əmanda idi. Vətənin qapıları indi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı, istədiyi zaman hara istərsə gedərdi. Qonşu və Avropa Dövlətləri ilə dostluq münasibətləri təsis edilmişdi. Bütün millətlərlə alış-veriş vardı. Bütün bunların nəticəsində idi ki, Cümhuriyyətimizin istiqlalı Avropa Dövlətləri ilə Birləşik Amerika tərəfindən tanındı. Onları təqibən böyük bir çox dövlətlər dahi istiqlalımızı tanıdılar. Türkiyə ilə İran, Azərbaycanla münasibətə gəldilər. Aralarında dostluq və qardaşlıq muahədələri (əhdnamə, bağlaşma) imzalandı. 12, Yanvar, 1920, Cümhuriyyətin dövlətlər tərəfindən tanınması günü idi. Bu günü, Azərbaycan xalqı, candan bayram etdi. Bu həqiqətən böyük bir bayramdı. Çünki bu gündən etibarən Azərbaycan Davası, Rusiyanın bir iç məsələsi olmaqdan çıxmış, millətlər arası bir məsələ olmuşdu. Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşdi və bu illəri dünya demokrasiyası tərəfindən təqdir ilə qarşılandı. 100 ildən bəri üstümüzə çökən istibdad və istila həyulası (xəyal) artıq bizdən uzaqlaşdı. Heyhat!, qədər (tale) imtahanları tamam deyildi. Qanlı Çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Bala azadlıq istiqlalımız, qızıl istilaçıların ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl 28 Apreldə Sovet propaqandaçıları bu qanlı istila hərəkətini sizə azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sizdə, sizə dünyanın ən azad və demokrat rejimi kimi kəlama verilən Sovet quruluşu, işdə qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız bunun nə qədər doğru olduğunu gözünüzlə görürdünüz. Azadlığımızı əlimizdən alan millətdən qorxmurlarsa dəmir pərdəni qaldırsınlar, azadlık elan etsinler. Edəbilməzlər. Çünki ağla-qara meydana çıxar. Onlar səptərə (yarasa) kimidilər, günəşdən qaçarlar. Azərbaycan, onunla bərabər bütün Qafqasya Cümhuriyyətləri həqiqi azadlık ve istiqlalına 1918-in Mayısında qovuşdular. 1920-də isə bu azadlık və istiqlal, qızıl Rus ordusu tərəfindən üstün qüvvətlərlə, qanla ve ateşlə basdırıldı. Faciələr və qəhrəmanlıqlarla dolu olan bu mücadilədə on minlərcə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı, 1918 istiqlal haqqını müdafiə edən Kafqasya millətləri, indi 33 ildir ki, müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alan bu mücadilədə vaxtı ilə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə, bu gün haqqı milliyyətçilər və vətənpərvərlər cəbhəsinə keçmişlərdir. Yabançı istilası üzərinə əcnəbi məmləkətlərə çıxmış olan Qafqasya mühacirləri, milli istiqlal davasını, mədəni dünya əfkarı ümumiyyəsinə (ictimaiyyətin fikri) anlatmakdadırlar. Bu vəzifəni ifada, nə kimi müşküllərə uğradığımızdan bəhs etməyin burada yeri deyildir. Bu qədər demək lazımdır ki, Sovetlərdə kommunist rejiminə düşən millətlərin hər dürlü haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halinə gəldiyini azad dünyaya anlatmaq çox çətin olmamışdır. Şükür ki, hadisələr bizə kömək edir. Dünya Sovet həqiqətini görməyə başlayır. 8 ildən bəri hərbi bitirmişkən sülhə qovuşa bilməyən dünya, artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər, müəzzəm (böyük) bir dövlət halında ayaqda durduqca və dünya inqilabı atəşi ilə yandırmaq üçün könlü çəkdikcə yer üzündə heç bir zaman sülh və asayiş buluna bilməyəcəkdir. Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tek əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz. 1918 Mayısındakı tarixi qərarları ilə azadlıq denən (deyilən) millətlər cəbhəsində yer alan Qafqasya millətlərinin müqəddəratları, azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən Sovet diktatoru Stalin ölmüşdür, amma, onun iki üzlü sistemi Stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikcə dünya həqiqətləri dah qarşılaşmaqda, haq ilə batil, yalan ilə doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz. Vətəndaşlar! Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm: Sən bizimsən, bizimsən durduqca bədəndə Can, Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan! * * * 1951-Cİ İLİN 26 AVQUSTUNDA AZƏRBAYCANA XİTAB "Mən Məhəmməd Əmin Rəsulzadə "Amerikanın səsi" radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz vətənə xitab edə bilmək fürsətini verdiyi üçün buna mütəşəkkirəm (1) . Bu Radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokratik fikirlərini yayır". Bu fikirlər başlıca iki əsasa dayanır: İNSANLARA AZADLIQ, MİLLƏTLƏRƏ İSTİQLAL! Bundan 33 il evvəl, Birinci Dünya Harbinin sonunda çarlıq rejimi çökdü; Vətənimizi istila və istibadadı altında tutan Rusiya İmperatorluqu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər: milli və müstəqil bir cümhuriyyət qurdular. Rəisi olmaq şərəfiylə fəxr etdiyim Milli Azərbaycan Şurasının bu münasibətlə nəşr etdiyi tarixi bəyannamedə özcümlə bu maddələr vardır: 1. - Azərbaycan xalqı hakimiyyət haqqına malik, Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. 2. - Azərbaycan dövlətinin idar şəkli xalq cümhuriyyətidir. 3. - Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə civardakı qonşu millət və dövlətlərlə iyi münasibətlər qurmağa əzm edər. 4. - Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi közləmədən hüdudları içində yaşayan bütün vətəndaşlarına siyasi və mədəni haqlar təmin edər. Demokratiyanın bu yüksek əsaslarını həyata keçirmək üçün qurulan milli hökumət iki il yaşadı. Tariximizin ən şanlı dövrünü təşkil edən bu qısa müddətdə, hərbdən və hərci-mərcdən çıxan yurdumuzda əmniyyət və asayiş bərpa edildi. Lazım olan zabita və ədalət müəssisələri quruldu. Sosial reformlara girişildi. Milli maarifə əhəmiyyət verildi. Mədəniyyət dünyasıyla təmasa gəlindi. Qonşularla iyi münasibətlər təsis olundu. Nəticədə Böyük Avropa dövlətləri ve Amerika tərəfindən cümhuriyyətimizin istiqlalı tanındı; Lenin və Stalinin imzalarıyla müsəlman millətlərinə sözdə hürriyyət və istiqlal vəd edən bolşeviklər işdə Türk ve müsəlman dünyasında qurulan ilk cümhuriyyəti Qızıl ordunun üstün qüvvələrilə zorladılar. Xalqımız təcavüzə qarşı var qüvvəsiylə savaşdı; fəqət, heyhat, məğlub oldu! Nəticədə milli ordunu dağıtdılar, milli münəvvərləri kəsdilər, milli sərvəti yağma edərək, Moskvaya götürdülər. Bir sözle məmləkəti sovetləştirdilər. Tarixin ən qəddar istibdadını quran bolşevikler sovet rejimine utanmadan demokratiya deyirlər. Sovetlərlə həqiqi demokratiya arasında yerdən göyə qədər fərq vardır, vətəndaşlar! Mədəni dünyadakı gerçək demokratiyalarda insan azad bir vətəndaşdır. Hər vətəndaş düşündüyünü qorxmadan söylər, yazar və bunları yeritmek üçün cəmiyyətlər qurar. Əcəba NKVD qorxusu olmadan düşüncələrinizi açmaq cəsarətini göstərə bilirmisiniz?... əsla! Köylüler torpağa, işçilər fabrikə zəncirlənmiş, hərəkət və səfər haqqından məhrum kölələr halındadır. Briqadirlerin əmrləri altında canınız çıxanacan çalışdığınız halda qarnınız doymur, yarıac və yarıçılpaq səfil bir həyat yaşayırsınız. Ziraət və ekonomiya sistemi məmləkətin deyil, müstəmləkəçi Moskva ağalarının mənfəətlərinə görə ayarlanır, Müqəddəratınız onların keyfinə və kaprizlərinə bağlıdır. Ən böyük idarələr, bilxassə məmləkətin ana gəlir qaynağı olan neft idarəsi (Azneft) Moskvanın əlindədir. Cümhuriyyətin paytaxtı Bakı dövlət içində bir devlətdir. "Baksovet"in büdcəsi Moskvada təsdiq olunur. Azərbaycan hökumətinin, Bakıya, təəllüq (aid olan) edən qərarları üzərində, onun veto haqqı vardır. Azərbaycan ekonomisi xalis bir müstəmləkə ekonomisidir. Ekonomi baxımından Rusiyaya tabe olan Azərbaycan, siyasətcə dahi (dəxi) Moskvanın köləsidir. Sözdə müstəqil sovet Azərbaycanın idarəsi işdə tamamilə rusların əlindədir. Azərbaycanı guya idarə edən Azərbaycan kommunist partiyasının həqiqətdə Rusiya Kommunist Partiyasının vilayət şöbəsinden başqa bir şey deyildir. Ümumi katibləriniz əksəriyyətlə Moskvadan təyin olunurlar. Azərbaycan kommunist partiyasının tarixi milli əyinticilərdən təmizlənmənin tarixidir. İl yoxdur ki, partiya sıraları milliyyətçiliyə meyl edən azğınlardan, nasional-burjualardan və yabançı ajanlardan təmizlənməsin. Azərbaycanı Moskva hesabına sovetleştirmədə bu qədər xidmət ve yararlıqları keçən yerli məşhur kommunistler belə, kommunizmin amansız düşməni millətçi-müsavatçılara qapılmışlar bəhanəsiylə təmizlənmədilərmi? Sovetlərin Azərbaycandakı icraatı qədər qanlı bir icraat təsəvvür oluna bilməz. Kollektiv ziraət planlarını baltalamaqla töhmətləndirilən köylülərin uğradıqları qanlı ve amansız təqibin faciəli dastanı meşhurdur. Bu faciə hələ davam etməkdədir. Bundan başqa millətçilik, sovet əleyhdarlığı ve başqa növüdən töhmətlər üzündən yapılan həbslər, sürgünler və edamların sayı hesabı yoxdur. Bu baxımdan işçilərin halı köylülərdən geri qalmadığı kimi münəvvərlərin halı da onun kimidir. Bütün bu hallarla bərabər barı Azərbaycan kultur həyatına əl dəyilməsə, bu sahədə olsun istiqlalınə azacıq da olsa hörmət göstərilsəydi. Heyhat ekonomisi ilə siyasəti azad olmayan bir məmləkətin kulturunu rahat buraxırlarmı heç? Sovet istilasının qəhredici icraatı əsl bu sahədədir. Milli kulturumuz tarixi ana köklərindən, türklük və müsəlmanlıq camiəsindən tamamilə qaydırılmış (qəsdən yoldan çıxarılma), kommunizmin ideologiyasına uydurulmuşdur. "Leninin milli siyasetinə" görə kulturun içi kommunist, dışı milli olacaqdı. Azərbaycanda bu formul da dəyişdi. Yazımız rus hərflərilə yazdırılmağa başladı. İstilahlar da ruslaşdırıldı. Tarix anlayışı bolşevik partiyası tarixinin dar çərçivəsi içinə alındı. Milli ənənələr, bayramlar mənedildi (qadağan edildi). Artıq hər şeydə, içdə də, dışda da, mənada da, ləfzdə (söz, kəlmə) də rus kommunizmi bir nümunə oldu. İndi böyük rus millətinə yumaq, ona sitayiş etmək bolşevizmin dini fərizələrindəndir (gümanlarındandır). Çarlıq Rusiyasında olduğu kimi, bolşevik Rusiyasında da ruslaşdırma dəyişməyən bir siyasətdir. Milli kultur qüvvətlərimiz amansız surətdə məhv edilir, ən böyük şairlərimiz, ən böyük mühərrirlərimiz, ən məşhur və sevimli camaat adamlarımızın adları artıq söylənməz oldu. Hamısı ya sürüldü, ya öldürüldü. Yeganə qəbahətləri milli kulturuna bağlı qalmaqdı. Müstəqil bir millətin azad oğlu qalmaq cəsarətini göstərmək indi ölümlə cəzalandırılan ağır bir günahdır. Bütün bu təcavüzlərin yanında millətin dini müqəddəratına yapılan təcavüzləri də unutmamalıyıq, məscidlərin anbar ve samanlıq halına gətirildiyi ilə hakimi din adamlarının mənəvi işgəncələrə tutulduqları məlumumuzdur. Halbuki, mədəniyyət dünyası belə bir təcavüzə təhəmmül etməz. Bu dünyada insan ilə Allahı arasındakı münasibətə müdaxilə etmək kimsənin həddi deyildir. Vicdan hürriyyəti, insanın əlindən alınmayacaq müqəddəs bir haqdır. Əziz vətəndaşlar, bilirəm ki, aranızda azad yaşayan, nə fikir, nə sənət, nə siyasət, nə də din adamı yoxdur. Bunlar ya şəhadət camını içmiş, ya da nəticəsi ölümlə bitəcək sovet sürgün düşərgələrində təhəmmül edilməz şərtlər içində son günlərini yaşayırlar. Əziz Azərbaycanlılar! Bütün dünyadan əlaqəniz kəsilmiş və təklənmişsiniz. Çevrənizdə sizi dış aləmdən ayıran dəmir bir pərdə vardır. Başınız min bir bəla və fəlakətlər içindədir. Bu bəlalı və fəlakətli yaşayışı, bolşevik propaqandaçıları, sizə ideal bir həyat kimi qələmə verirlər. Sovetlər xaricində qalan dünyadakı həyatı fəlakətdən və səfalətdən ibarət bir həyat kimi təsvir edirlər. İnanmayın qardaşlar! Dünyada asudə yaşayan, qorxu bilməyən azad insanlar, azad millətlər və müstəqil dövlətlər vardır. Bu millətlərin yaşadıqları məmləkətlərdə insanın nə fikrinə, nə vicdanına, nə də imanına təsəllüd (ağalıq etmə, üstüna salma) edən yoxdur. Azad insanların birliyindən ibarət olan müstəqil millətlər öz özlərini idarə edirlər. Məsuddurlar. Azaddırlar. Demokrasi idarəsi hər cürə qorxudan ve zorlamadan azad bir idarə sistemidir. Bütün bu dünya bu sistemə tabe olmadıqca, insanlıq rahatlıq üzü görməyəcəkdir. Bolşevizmin faşizmdən geri qalmayan, demokratikliyi danan qəddar və zalım rejimi baqi qaldıqca (daimi, əbədi), nə insanlara azadlıq, nə də millətlərə istiqlal nəsib olmayacaqdır. Azadlıq və milli istiqlal prinsiplərini bundan 175 il əvvəl Amerika, 33 il əvvəl də Azərbaycan hürriyyət bəyannaməsi elan etmişlərdir. Bütün dünyanın səadəti kimə, Azərbaycanın xilası da bu əsasların tamamilə gerçəkləşməsinə bağlıdır. Təkrar edirəm -insanlara azadlıq, millətlərə istiqlal! --------------------------------------------------------------- 1. Müraciətin mətni 1951-ci ildə "Qafqasya dərgisinin 1-ci sayında dərc edilmişdir. * * * AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN QIZIL ORDU TƏRƏFİNDƏN İSTİLAYA UĞRAMASININ 32-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ 1952-Cİ İLDƏ YAYINLANAN XİTABI Bu gün Bakıda və Azərbaycanın hər bir tərəfində Sovet Hökumətinin və Bolşevik Partiyasının yapdırdıqları bütün yığıncaq və mərasim yerlərində Sovet Azərbaycanının istiqlal yubileyindən bəhs edilir (1). Azərbaycan xalqı guya ki, əsl bu gün öz müqəddəratını əlinə almış, həqiqi bir xalq idarəsi qurmuş, istiqlalına gerçəkdən bu gün sahib olmuş imiş. Xalq idarəsi, xalq üçün, xalq tərəfindən qurulan bir idarənin adıdır. 32 ildir Azərbaycanda davam edən idarə isə xalqa hökm edən bir zülm və istibdad idarəsidir. Sözü, yazını və nəşriyyatı manapol altına alan bolşeviklər tarixi təhrif edirlər: deyirlər ki, bundan 32 il əvvəl Aprelin 28-də Azərbaycan fəhlələri ilə kəndçiləri üsyan etmiş, bəylərin, xanların, ağaların hökumətini yıxmış, yerinə Sovet hökumətini vücuda gətirmişlərdir. Bu üsyanın başında duran "İnqilab Komitəsi" isə Rusiya Sovet hökumətinə müraciətlə özünə kömək istəmiş, o da qızıl ordunu Azərbaycana göndərmişdir. Halbuki həqiqət tamamilə bunun əksinədir: Ayın 27-sində Qızıl ordu üstün qüvvətlərlə Azərbaycan sərhəddini keçmiş, göstərilən müqavimətləri qırmış və Bakını zorla tutmuşdur. Bundan sonra özü ilə gətirdiyi "Azərbaycan inqilab komitəsi"nin adından guya "üsyan etmiş Azərbaycan fəhlə və kəndçilərinə" köməyə gəlməsini özü xahiş etmişdir. Bolşeviklərin 31 ildən bəri hər il 28 Apreldə təntənə ilə bayram etdikləri hadisə bu hadisədir. İstila hadisəsinə onlar istiqlal deyirlər. Burada bir xalq hökuməti deyil, xalqı əzən bir diktatorluq quruldu; buna "fəhlə diktatorluğu" dedilər, amma yalan: bu fəhləni də əzən bir diktatordur. Bu, Azərbaycan Xalqının 34 il əvvəl 28 Mayıs 1918 də başından atdığı yabançı istilasının yenidən daha qorxulu şəkildə geri dönməsindən başqa bir şey deyildir. Azərbaycanlılar! Sizi bu gün azadlığınızdan etdilər; söz, yazı və yığıncaq həddini əlinizdən aldılar. Azadlıq, burjua boşboğazlığıdır dedilər. Bəylərdən torpaqları, sahiblərindən fabrikaları aldılar. Bir qisminizi kolxozlara, bir qisminizi də fabrikalara zəncirlədilər. Sözdə kapitalizmi qaldırdılar amma, işdə dövlət kapitalizminin əsirləri oldunuz. Bir dilim çörək üçün briqadirlərin qamçıları altın-da canınız çıxasıya çalışdırıldınız; fəhlə olanlarınız fabrikalara bağlı qullar halına düşdünüz. Komissarların və partiya böyüklərinin gözəl yaşayışları ilə zəhmətkeş xalqın halını bir tutuşdurunuz. Bu idimi sizə vəd edilən bərabərlik? Dəmirpərdə ilə xarici aləmdən ayrılmış bir vəziyyətdə olan sizləri bolşeviklər min cürə yalan və palanlarla idarə edirlər: bütün dünya əsir ikən siz azadmışsınız; bütün dünya aciken siz toxmuşsunuz; hər tərəfdə müsavatsızlıq və hərc-mərc variykən Sovet Azərbaycanında nizam və intizam varmış. Sovet Azərbaycanı Cümhuriyyəti bütün dünyaya və ələxüsus Şərqə nümunə bir Cümhuriyyət imiş! Bu nümunə Cümhuriyyətdə kultura inkişaf edirmiş: "formaca milli, məzmunca sosialist" proletariat kulturasından sizə çox bəhs edirlər: formaca milli olacaq yazımız on beş ildir rus hərfləri ilə yazılır, yalnız hərflər deyil istilahlar da ruslaşdırıldı. İslami və Avropalı istilahlar işlətmək indi yasaqdır. Kommunizmin müqəddəs dili Ruscanın istilahlarını işlətmək məcburidir. Formanın ruslaşdırılmasından sonra sıra məzmuna gəldi. İndi sosialist olacaq məna da ruslaşdırılır. Tarixdə ideallaşdırılacaq qiymətlərdən insan azadlığını və milli istiqlal hadisələrini deyil, Rus imperializmini təmizə çıxaracaq misallar verilməliymiş. Bütün dünyada milli istiqlal qəhrəmanı deyə tanınan Şeyx Şamil dünən alqışlanan bir sima ikən, bu gün mənfi bir tip olur. Azərbaycan xalqının, şücaət, cəsarət, fədakarlıq, igidlik və vətənpərəstlik hisslərini qıcıqlayan "Dədə Qorqud" hekayəsi dünən faydalı bir əsərdi, bu gün zərərli görünür. Çünki indi Sovet imperializmi çarların getdiyi böyük rusluq yoluna düşmüşdür. Böyük şairlərimiz, ədib və yazıçılarımız əksinqilabçı deyə meydandan qaldırıldılar. Millətin şanlı keçmişiylə az çox əlaqəsi olan əsərlər kitabxanalardan yığışdırıldı. Sadə milli Azərbaycan dövrünün və Türk Mədəniyyət Tarixinin həqiqi müəssəsələri deyil, Azərbaycanın sovetləşdirilməsində tarixi rol oynamış adamların adları belə çəkilməz oldu. Doktor Nəriman Nərimanov 27-28 Aprel hadisəsinin qəhrəmanı idi. O, Azərbaycan inqilab Komitəsinin rəisi sifəti ilə, Qızıl ordunun süngüləri arasında iş başına gəlmişdi. İsminin Sovet istilasını pərdələnməsinə razı olmuşdu. Azərbaycandan Moskvaya yollanan gəmilər və vaqonlar dolusu qarət və qənimət mallarını o, yoldaş Leninə hədiyyə deyə sadiqanə nitqləri ilə yola salmışdı. Bütün bunlara baxmayaraq, bir az sonra, onu suyu sıxılmış limon kimi atdılar, milli əyintiçiliklə töhmətləndirib Moskvaya sürdülər. Ömrünü orada bitirdi. Başqa bir çox komissarlar da eyni aqibətə düçar oldular. Məsələn: Azərbaycanın sovetləşdirilməsində, birinci gündən etibarən, milliyyətçilik ilə Panturanizmə qarşı amansız surətdə mücadilə edən və Karl Marksın Kapitalının Azərbaycan Türkcəsinə tərcümə edilməsi münasibəti ilə "Türkcənin şərəfləndiyindən" bəhs edən Ruhulla Axundov, Panturanizmin zəhərli bir nümayəndəsi və milliyyətçi Müsavat partiyasının zavallı bir agenti deyə günahlandırıldı. Sovet dərs kitablarında Panturanizm ilə Panislamizmin "qaçaq fikirlərini" böyük bir diqqətlə arıtlamağı özünə müqəddəs vəzifə sayan və bir çox vətəndaşlarının qanına girən Əli Heydər Qarayev, sonra millətlər arası faşizmin nacins bir nökəri deyə ifşa edildi. Milli Azərbaycan Hökuməti əleyhində konspiraisyonu ilə məşhur olan 1921-də (2) Gəncə üsyanını basdırmağa məmur olan baş komissar Həmid Sultanov İnqilab Məhkəməsinin qərarı ilə, Azərbaycanı Sovetlər Birliyindən ayırmaq istəyən silahlı bir üsyan qüvvətinin başında durmaq töhməti ilə ölüm cəzasına məhkum oldu. Bu cürə misallar söylənməklə bitməz!.. Xalq üçün, qətiyyən deyil, ancaq qızıl Moskva ağaları üçün idarə olunan Sovet Azərbaycanında xalqa azacıq yaxınlıq göstərən insanlar Stalinin dövründə bir xalq düşmənidir. Vaxtilə Sovet rejiminə böyük yararlıqlar göstərən bir çox yerli kommunistlərə "xalq düşməni" damğasını vuraraq hamısını silib süpürdülər. O qədər ki, bu gün münasibəti ilə nəşr olunan Sovet qəzetələrində, yubleyi yapılan Aprel inqilabı qəhrəmanlarının elan olunan siyahısında yerli tək bir ada rastlana bilməz. Azərbaycandakı Sovet inqilabının yeganə qəhrəmanı Qızıl ordunun komandanı Stalindir!.. 32 ildən bəri üstünüzə qanlı kabus kimi çökən rejim, milli qəhrəmanı olmayan, Xalqın içindən çıxmış rəhbərdən məhrum olan bir rejimdir. Yabançı və yalançı bir rejim!.. Bu sürgünlərin, həbslərin, ölüm lagerlerinin və ardı - arası kəsilməyən qanlı təmizləmələrin, Allahı tanımayan, dinsiz, imansız, zalım N. K. V. D. -çilərin rejimidir. Belə bir rejimin hakim olduğu bir yerdə, azadlıq dünyasından gələn bir səsi eşitmək əlbəttə qolay deyildir. Bu çətinliyi bildiyimiz halda səsimizi məzlum Azərbaycan xalqına duyurmaq məqsədilə bu günkü qanlı Aprel istilası matəmini yaşayanlara deyirik ki: bolşeviklər, Azərbaycanda bütün Şərqə nümunə bir dövlət qurduqlarını söyləyirlər. Sözlərində səmimi olub dediklerinə həqiqətən inansaydılar, dəmir pərdəni qaldırar, Cümhuriyyətin qapılarını açar, sizləri azad dünya ilə əlaqə və münasibətə gətirərlərdi. Fəqət bunu edə bilməzlər, çünki, o zaman yalanları üzə çıxar: qaraya ağ, zülmə ədalət, yoxsulluğa varlıq, əsirliyə azadlıq, istilaya istiqlal dedikləri aşikar olar!.. Onlar, bu cəsarəti göstərə bilməz, inadlarında davam edərlər. Fəqət, bu inad onları qurtara bilməz: həqq ilə batilin, doğru ilə yalanın dünya ölçüsündə gedən mücadiləsində Nihai qələbə həqqin və doğrunundur. Bu zəfər günəşi əlbəttə ki, bir gün Azərbaycanda da parıldayacaqdır!.. -------------------------------------------------------- 1. Müraciətin mətni 1952-ci ildə "Qafqasya" dərgisinin 15-ci sayında dərc edilmişdir. 2. 192O-ci ilin mayında baş verən Gəncə üsyanı. *** Ə. (DUDƏNGINSKI)-FƏTƏLİBƏYLİNİN QƏTLİ MÜNASİBƏTİLƏ NİTQ Ölülərimizi xeyirlə yad etmək kültürümüzün və ictimai tərbiyəmizin icabıdır (zəruridir) (1). Siyasət və ya hər hansı digər bir sahədə sivrilmiş vətəndaşların həyatını obyektiv bir qavrayışla təsvir və təqdir etmək - tarixçinin vəzifəsidir; məzarları başında məziyətlərindən bəhs etmək isə tərhim törənlərinin (dəfn mərasiminin) gələnəyidir (ənənəsidir). Rus-bolşevik istilası əleyhində və vətənin hürriyyəti ilə istiqlalı lehində yapılan milli mücadilənin qurbanları olan azərbaycanlıları təqdirlə anmaq vəzifəmizdir. Burada, qəddar düşmənin sinsi (xain) və vəhşi bir darbəsiylə aramızdan faciəvi bir surətdə ayrılan mücahid Fətəlibəylinin məziyyətlərindən bir kaç vaka zikr etməklə, terhim borcunu ödəmək məqsədiylə hüzurunuza çıxmış bulunuyorum. İl 1943-dür; Ikinci Cahan hərbi əsnasında, Alman Xariciyəsi ərkanından (vəzifəli şəxsindən) Qraf fon Şulenburqun (sonradan Hitlerə yapılan sui-qəsd işilə ilgili olaraq edam edilən) dəvəti üzərinə Berlində bulunuyoruz. Milli Azərbaycan Komitəsi təşəkkül etmişdir; bu Komitə, Milli Azərbaycan davasının əsaslarını Alman məqamlarına qəbul etdirmək üzrə fəaliyyətə keçmişdir. Bu sırada "Ost-ministerium" deyilən işğal altındakı şərq məmləkətləri vəkalətində Özəl Şöbə Müdiri bulunan prof. Von Mende vasitəsiylə cəbhədən 8 Mayıs tarixli bir məktub alıyorum. Tarixi bir vəsiqə mahiyyətini daşıyan bu məktubun əsli ruscadır. Mətnini eynən oxuyorum (Tərcüməsi budur (2)): "Mərhəba, pək möhtərəm Mehmed Emin!(3) . Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz naminə salamlarım. Məmnunluqla sizə bildirməliyəm ki, vətəndaşlarımız yurdumuzun hürriyyəti və Böyük Almaniya uğrundakı mücadilədə, cəbhədə muəzzəm başarılar qazandılar və eşsiz (misilsiz, tayı-bərabəri olmayan) qəhrəmanlıqlarıyla millətimizin şərəf və heysiyyətini bir səviyyəyə yüksəltdilər. Cəbhəmizə iki dəfə gəlmiş bulunan general Konrad bizdən heyranlıqla bəhs ediyordu. General Köstringdən təbrik məktubu aldım. General Feldmarşal Kleistin taborumuza xitabən özəl bir əmiri-yəvmisi (günlük əmr) vardır. Ağır səfər və əsgəri hərəkətdən sonra, bir az istirahətə çəkilib, yeni savaşlara hazırlanıyoruz. Taborumuzun döyüş qabiliyyəti Baş komandanlığın yüksək təqdirlərinə məzhər (diqqətəlayiq) olmuş, əsgərlərimizlə komutanlarımız "İnfanterie Sturmabzeichen" medallarıyla təltif edilmişlərdir. Qəzetimizdə (4) Milli Azərbaycan Komitəsinin təşkil olunduğunu oxudum; bu məni çox sevindiriyor. Biz, cəbhədəki əsgərlər, şübhə etmirik ki, Milli Komitəmizin azaları arasında hamımızca sevilən, legionumuzun qurucusu Babayev Beytullah da bulunacaqdır. Biz, irəlidə də, millətimizin hürriyyəti uğrunda fədakaranə döyüşəcəyiz. Cəbhədəki əsgərlərdən Sizə salam. Sizə iyi səhhətlər dilərim. Sizin: A. Dudənginski-Fətəlibəyli". Məktubda adı keçən Beytullah legionerlərdən məni görməyə gələn ilk zatdır (indi Amerikada bulunuyor) sonrakı ziyarətlərindən birində Beytullah mərhum Mayorla birlikdə gəldilər. Hərarətli və anlayışlı bir əsgərlə qarşılaşmışdım. Milli davanın əsaslarını və mücadilə kadrosunun proqramını məndən duymuş, məmnun olmuşdu. Milli Azərbaycan Komitəsi, Nazi (nasist) Aman məqamlarına məram anlatamadı. Hitler "heine Komitee" (heç bir komitə istəməm) demiş, təşkil olunan milli legionlarla Ordu Qərargahı arasında rabitə vəzifəsini görən məhdud və müəyyən işlərlə görevli birər "Rabitə Həyətləri" ("Verbindungstab”) qurulmasını əmr etmişdi. Azərbaycan Rabitə Heyətinin başına da mərhum Fətəlibəyli gətirilmişdi. İş bu şəkil alınca, Mayor Fətəlibəyliyə müvəffəqiyyətlər təmənna edərək, fəaliyyət sahəsindən çəkilmiş və milli əsaslarımıza sadiq qaldığı müddətcə, kəndisini mənən dəstəkləyəcəyimizi vəd etmişdik. Mərhum, üzərinə aldığı vəzifəyə başlarkən, Rabitə Heyətinin yanında bir propaqanda təşkilatı da vücuda gətirmiş, bu məqsədlə, 6 Qasım (noyabr) 1943-cü ildə, Berlində bir Qurultay çağırmışdı. Qurultayın, Fətəlibəylinin raporu üzərinə, qəbul etdiyi qərar surəti milli ana prinsiplərə uyğun bir şəkildə qələmə alınmışdır. Bu vəsiqənin 5 maddədən ibarət olan ana xətlərini 21 Kasım (noyabr) 1943 tarixli, 47 nömrəli "Azərbaycan" qəzetəsindən eynən nəql ediyorum: "1943-cü il noyabrın (Qasım) 6-da Berlin şəhərində toplanmış cəbhədə vuruşan əsgərlərimizin və vətəndən xaric Azərbaycan siyasi mübarizlərinin nümayəndələrindən mürəkkəb Milli Azərbaycan Qurultayı, Mayor Fətəlibəylinin məruzəsini və bu ətrafda ,olan çıxışları dinlədikdən sonra qeyd edir ki: 1. 1918-ci il 28 Mayıs, 1920-ci il 27 aprelə (Nisan) qədər davam etmiş Milli Azərbaycan hökuməti dövrü, şanlı tariximizin ən parlaq səhifəsini təşkil edir. 2. Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu 23 illik müddət içərisində, millətimizin istər vətən daxilində və istər yad ellərdə apardığı (yürütdüyü) şanlı və qanlı mübarizə yalnız bu istiqlalın bərpası (ihyası) uğrunda olmuşdur. 3. Qurultay, bu ağır şərait daxilində aparılan mübarizədə canlarını vətənin azadlığı uğrunda fəda etmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edər. 4. Dünyanı sarsıdan bu ikinci cahan müharibəsi nəticəsində milli müqəddəratımızın həllinə və istiqlalımızın bərpasına sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti əzəli və əbədi düşmənimizin məhvindən ibarətdir. Bunun üçün də milli mənafeyimiz bizi bu gün bolşevizmə qarşı qəti döyüş aparan (yürüdən) və tarix boyu Türk xalqlarının dostu olan Almaniyaya bağlamışdır. 5. Qurultay əsrlər boyu olduğu kimi, bu gün də Azərbaycan xalqı ilə Qafqaz qonşuları və qardaş Şimali Qafqaz, Türküstan, İdil-Ural və Krım xalqlarıyla eyni qayə və ideal birliyi müşahidə edir və onlara işbirliyini zəruri sayır..." Görüyorsunuz ki, bu maddələr milli hərəkatın ötədən bəri savunduğu ideyaları ehtiva etməkdədir. Mərhum hərarətli bir vətənsevər və atılqan bir mücahiddi. Hadisələrin sevgiylə, bildiyimiz fəaliyyət sahəsinə hənuz (indi, hələ) atılmadan, cəbhədə adı duyulmayan bir əsgər ikən açığa vurduğu hissiyyat onun səmimi bir vətənsevər olduğunu göstərir. Bükreştəyəm (Buxarest). Almanlar hər gün bir az daha çəkiliyor, kəndiləriylə bərabər bizlərdən də bir çox qaçqınlar Bükreşə gəliyorlar. Bunlardan biri, şimdi adını xatırlayamadığım Bakılı bir yurddaş, Don həvalisində (ətrafında), almanlar tərəfindən, kiçik bir qəsəbənin Bələdiyyə Başqanlığına təyin edilmiş imiş. Bir gün Dudənginski (Fətəlibəyli), qızıl ordudan təslim olan bir kaç Azərbaycan ərini kəndisinə gətirmiş, bunlara iyi bakılmasını tavsiyədə bulunmuş. Bələdiyyə Başqanı onunla rusca konuşmaq istəyincə o, yahu, ikimiz də Azərbaycanlıyız, öz öz dilimizi qonuşalım, demiş və sonra, ruslardan qurtulduğumuz kimi, almanlardan da azadə özümüzü özümüz idarə etməliyiz, demişdir. Hərb bitdikdən sonra dürlü macəralardan keçən Fətəlibəyli, nəhayət amerikalılar tərəfindən finansə olunan, Münihdə təsis edilmiş "Qurtuluş radiosu" Azərbaycan Şöbəsinin şefi idi. Bolşevizmə qarşı mücadilə edən Amerikan Komitəsi, mərhumun şəhadəti münasibətiylə yayınladığı təbliğdə, onun müqtədir bir radio propaqandaçısı olduğunu belirtməkdədir. Bolşeviklər kəndilərinə xas sinsi (xain) bir metodla müxaliflərini, tədhişə varıncaya qədər, hər dürlü vasitələrlə bərtəraf (aradan götürmək) və imha (məhv etmə) etməyə çalışırlar. Onların vəhşi təcavüzlərinə qurban gedənlərin sayısı sayılmaqla bitməz. Fəqət bihudə!.. Milli hərəkat bu kimi tədbirlərlə susdurulamaz. İstiqlal və hürriyyət yolunun qəhrəmanları, hər dürlü təhlükəni gözə alaraq, mücadilələrinə davam edəcək, kəndilərinə ilham qaynağı olan böyük ideal tam bir zəfərə ərmədikcə müqəddəs savaşdan əsla vaz keçmiyəcəklərdir. Qurtuluşu mühəqqəq (həyata keçiriləcək) bulunan hürr və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini andığımız Mərhum da bulunacaqdır.
---------------------------------------------------------------------------- 1. Nitq Ankaradakı Azərbaycan Kultur Dərnəyi tərəfindən keçirilən mərasimdə söylənilmişdir. Nitqin mətni "AZERBAYCAN" jurnalının 1954-cü il 9(33) sayında dərc edilmişdir. 2. Məktubun rusca mətni oxunmuşdur. 3. Rusca əslində "Zdrastvuyte Mnoqouvajayemıy Mehmed Emin!" 4. Berlində çıxan "Azərbaycan" qəzetəsi.
|
|
|
|
|
|
|
|
|